18 ölkənin lideri HƏMAS-dan bütün girovları dərhal azad etməyi tələb edir

DÜNYA
19:00 / 25.04.2024
168

Oktyabrda İsrailə hücum zamanı vətəndaşları HƏMAS silahlıları tərəfindən əsir götürülən ölkələrin liderləri birgə bəyanatda bütün girovların dərhal azad edilməsini tələb edirlər.

HİT.az xəbər verir ki, sənədin mətni Ağ Evin saytında dərc olunub.

“Biz HƏMAS-ın Qəzzada 200 gündən çox saxladığı bütün girovları dərhal azad etməyə çağırırıq. Onların arasında vətəndaşlarımız da var. Qəzzada beynəlxalq hüquqla qorunan girovların və mülki əhalinin taleyi beynəlxalq narahatlıq doğurur”, deyə sənəddə vurğulanır.

Vurğulandığı kimi, bu insanların azad edilməsinə dair razılaşma “Qəzzada dərhal və davamlı atəşkəsə gətirib çıxaracaq”. Bu, həm də regionun bütün yaşayış məntəqələrinə əlavə zəruri humanitar yardımın gəlməsinə və hərbi əməliyyatların dayandırılmasına töhfə verəcək. Qəzzalılar evlərinə qayıda biləcəklər.

“İnsanlarımızı evə qaytarmaq üçün vasitəçilik səylərini güclü şəkildə dəstəkləyirik. Biz bir daha HƏMAS-ı girovları azad etməyə və bu böhrana son qoymağa çağırırıq ki, birlikdə səylərimizi regionda sülh və sabitliyin bərqərar olmasına yönəldə bilək”, deyə sənəddə qeyd edilir.

Birgə bəyanata ABŞ, Argentina, Avstriya, Bolqarıstan, Braziliya, Danimarka, İspaniya, Kanada, Kolumbiya, Almaniya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Böyük Britaniya, Tayland, Macarıstan və Fransanın liderləri qoşulub.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstinin islamçı HƏMAS qruplaşması İsrailə hücum edib. Yaraqlılar ölkə ərazisinə soxularaq eyni vaxtda iri raket hücumu həyata keçiriblər. İşğal dinc əhalinin kütləvi qətli ilə müşayiət olundu. İsraildə 1200-ə yaxın insan həlak olub. Daha 240 nəfər oğurlanıb, onlardan yüz nəfəri hələ də əsirlikdədir.

Samir

0