"Bir müddətdir ki, Yeni Kaledoniyada aksiyalar və iğtişaşlar davam edir".
Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.
O xatırladıb ki, hətta Fransa Prezidenti Emmanuel Makron bununla bağlı olaraq Təhlükəsizlik Şurasının iclasını keçirib:
"Yeni Kaledoniyada etirazların başlanılması gözlənilirdi. Əslində bu proseslərdə Fransanın müstəmləkəsinə məruz qalan insanların haq səsini dünyaya çatdıran dövlətlərin də müəyyən mənada rolu var. Hətta Azərbaycanı da qeyd edə bilərik".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan bir müddətdir Fransanın müstəmləkə siyasətinə qarşı mübarizə aparır:
"Çünki biz özümüz də uzun müddət bu cür haqsızlığa məruz qalmışıq. Bu mənada, proses gözlənilən idi. Düşünürəm ki, Yeni Kaledoniyadakı etirazlar hələ bir müddət davam edəcək. Nəzərə almaq lazımdır ki, etirazçılar asanlıqla təslim olana oxşamırlar".
Politoloqun sözlərinə görə, artıq Yeni Kaledoniya əhalisinin səbri çatıb:
"Hesab edirəm ki, bu proseslər davamlı olar və etirazçılar müəyyən qədər əzmkarlıq göstərə biləsələr, gələcəkdə Yeni Kaledoniyaya muxtariyyət verilə bilər. Amma Yeni Kaledoniyanın müstəqilliyini elan edə biləcəyinə hələ inanmıram.
Fransanın mərkəzi hakimiyyəti buna mümkün qədər müqavimət göstərməyə çalışacaq. Buna baxmayaraq, muxtariyyət növbəti mərhələdə müstəqillik üçün bir imkan yaradacaq. Təbii ki, beynəlxalq ictimaiyyət bütün prosesləri izləyir. Bu, həm daxili, həm xarici auditoriyada Makron hökumətinə inamı azaldır və onun nüfuzunu aşağı salır".
Pərviz