Məhsəti Hüseynova: "Sağlam yaşamaq üçün..."

SAĞLAMLIQ
15:19 / 25.04.2024
506

"Sağlam yuxu mütləq şəkildə hər bir insan orqanizmi üçün lazımdır". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sağlam yuxu insanın gecə saat 23:00-dan sonra 7-8 yatdığı yuxu hesab olunur:

"Təəssüf ki, bu gün bəzi insanlar gecə gec yatma vərdişi qazanıblar. Bu da onlarda hormonal balansın pozulmasına, iştahsızlığa, bəzilərində isə həddindən artıq çox yeməyə gətirib çıxarır. Ümumiyyətlə, yuxu rejiminin pozulması orqanizmdə bir çox sağlamlıq problemlərinə səbəb olur".

Mütəxəssis qeyd edib ki, sağlam həyat yaşamaq üçün stressdən uzaq durmaq çox önəmlidir:

"Bir çox hallarda insanların davamlı stressə məruz qalması sinir sisteminin və hormonal balansın pozulmasına səbəb olur. Üstəlik, bəzi insanlar stressli olarkən daha çox qida qəbul edir. Bu da piylənmə ilə nəticələnir".

Həmsöhbətimiz sağlam həyat tərzi sürmək üçün diqqət etməli olduğumuz digər məqamlardan da bəhs edib:

"Həddindən artıq duz istehlak etmək olmaz. Normadan artıq duz qəbulu orqanizmdə maye-duz balansının pozulmasına gətirib çıxarır. Bu isə gələcəkdə hipertoniya və oynaq xəstəliyinə səbəb olur. 

Bundan başqa, paketli və rəf ömrü uzun olan qidalardan da uzaq durmaq lazımdır. Çünki rəf ömrü uzun olan qidalar daha çox kimyəvi qatqı maddələrindən ibarət olur. Bu isə insan orqanizmində bir çox fəsadlara və xəstəliklərin yaranmasına gətirib çıxarır".

348707

Ekspert vurğulayıb ki, zərərli vərdişlərdən uzaq durmaq da ən önəmli məsələlərdən biridir:

"Bu da sağlamlıq üçün böyük bir təhlükədir. Burada siqaret, spirtli içkilər və digər zərərli vərdişlər nəzərdə tutulur. Həmin zərərli vərdişlərin erkən yaşda başlaması daha təhlükəlidir. Çünki erkən yaşda bunu etdikdə orqanizm inkişafdan geri qalır və müəyyən orqanların funksiyası özünü müəyyən qədər itirir. 

Belə olan halda isə bir çox xəstəliklər erkən yaşda başlayır. Bu da həmin insanların gələcəkdə valideyn olma qabiliyyətinin itməsinə və yaxud da onlardan doğulan uşaqların xəstə dünyaya gəlməsinə gətirib çıxarır". 

Məhsəti Hüseynovanın sözlərinə görə, su qəbulu da çox önəmlidir:

"Hər kiloqram bədən çəkisinə görə 0,30 milliqram su qəbulu lazımdır. Amma artıq çəkidən əziyyət çəkən insanların bu düsturla su miqdarını hesablaması doğru deyil. Həmin insanların gün ərzində 8-9 stəkan su içməsi kifayətdir. 

Su içməyin ən düzgün vaxtı səhər acqarına 1-2 stəkan içməkdir. Həmçinin, yeməklərdən yarım saat qabaq və yeməklərdən 1 saat sonra qəbul olunması orqanizm üçün faydalı hesab olunur". 

Müsahibimiz yeməklərdən də söz açıb:

"Sağlamlığınız üçün yeməkləri birdəfəlik istehlak edəcəyiniz qədər bişirin. Bişirilmiş qidaların növbəti günə saxlanılması onun tərkibinin müəyyən dəyişikliklərə məruz qalmasına səbəb olur. 

Bu da həzm sisteminin pozulmasına və zəhərlənməyə qədər gətirib çıxara bilər. Bundan başqa, yeməkləri bişirərkən həddindən artıq qızartmaq və qaynatmaq yolverilməzdir".

Pərviz

0