Prodüserlərin Yüksəlişi təlim proqramının Pitçinq mərhələsi keçirildi - FOTO

MƏDƏNİYYƏT
11:36 / 22.04.2024
426

17 aprel 2024-cü il tarixdə Yaradıcı Hub-da Prodüserlərin Yüksəlişi təlim proqramının Pitçinq mərhələsi keçirilib.

Prodüserlərin Yüksəlişi təlim proqramı 2023-cü ilin yay aylarında başlayan beynəlxalq təlimçilərin iştirakı ilə keçirilən layihədir. Proqramın mentorları (təlimçi-ekspertləri) qismində Avropanın tanınmış kino prodüserləri, Babelsberg Konrad Wolf Universitetinin prorektoru Martin Hagemann və müəllim-professoru Titus Kraynberg xüsusilə dəvət olunub. 

Proqramda iştirak etmək üçün 65 müraciətdən 30 nəfər seçilərək intensiv 1 həftəlik proqrama qatılıb, iştirakçılar tərəfdən təqdim olunan ən yaxşı 10 kino ideyasının əsasında mentorların dəstəyi ilə 2023-cü ilin sonunadək 10 kino layihəsi beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. Pitçinq bu təlim proqramının yekun mərhələsidir və orada yerli və xarici şirkətlərin nümayəndələri kino sahəsində ilk addımlarını atan gənc prodüserlərlə tanış olublar, hazırladıqları layihələrə mümkün dəstəyin verilməsini müzakirə ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər departamentinin müdiri Rəşad Əzizov öz çıxışı iştirakçları salamlayaraq, Yaradıcı Sənayelər sahəsində aparılan islahatlar və görülən işlər barədə məlumat verib, Yaradıcı Hub layihəsi barədə qonaqlara geniş bilgi təqdim edib. 

Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bəktaşi isə təlim layihəsi barədə məlumat verib və belə layihələrin ölkə üçün önəmli olduğunu bildirərək belə layihələrin ölkə audiovizual sənayesinin rəqabətədavamlılığının artırılmasına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb. 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

Qeyd olunmalıdır ki, Prodüserlərin Yüksəlişi təlim proqramı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kino Agentliyinin, Yaradıcı Hub-ın dəstəyi və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə həyata keçirilib.

0