Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) avqust ayında Avropa İttifaqı (Aİ) ölkələrində satılan avtomobillərlə bağlı statistikaları açıqlayıb.
HİT.az xəbər verir ki, ötən ay Avropa İttifaqında satılan 5 avtomobildən 1-i elektromobil olub.
Aİ ölkələrində avqust ayında avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 787 min 626 ədədə çatıb. Həmçinin, yeni avtomobil satışları 2023-cü ilin yanvar-avqust aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 7 milyon 78 min 464 ədədə çatıb.
Belə ki, Avropa İttifaqı ölkələrində avqust ayında satılan yeni avtomobillərin 32,7 faizi benzin, 23,9 faizi hibrid, 21 faizi tam elektrik, 12,5 faizi dizel, 7,4 faizi plug-in hibrid və 2,5 digər yanacaqlardan ibarət olub.
Ümumi satışlarda isə elektromobillərin payı artıb. Beləliklə, Aİ ölkələrində elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı ilk dəfə olaraq 20 faizi ötüb və dizellə işləyən avtomobilləri keçib.
Elektromobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə 118,1% artaraq 165 min 165 ədədə çatıb. Bu ilin əvvəlindən bu yana satılan elektrik avtomobillərin sayı da 984 min 864 ədədə çatıb.
Pərviz