Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Honda" problemləri ilə gündəmdədir.
Hit.az xəbər verir ki, sözügedən markanın avtomobillərində son zamanlarda hava yastıqları ilə bağlı problemlər meydana gəlir.
Belə ki, bəzi "Honda" avtomobillərində hava yastıqlarının anidən açılma problemi ortaya çıxıb. Üstəlik, ən adi qəza zamanı belə hava yastıqların açılmasının sürücüyə təhlükə yaratdığı məlum olub. Həmçinin, şirkət rəsmiləri də hava yastıqlarının idarəolunmasının planlandığı kimi olmadığını etiraf ediblər.
Bundan başqa, bir çox avtomobillərin ön oturacaqlarında da sensor probleminin olması diqqət çəkir. Əlbəttə ki, bunlar da sürücülərin narazılığına səbəb olub. Dünya miqyasında çox sayda sürücü bənzər problemlərlə qarşılaşaraq "Honda" dilerlərinə müraciət ediblər.
Sözügedən problemlər və artan şikayətlər fonunda isə "Honda"dan rəsmi açıqlama gəlib. Şirkət sadalanan problemlərin 2020-2022-ci illər arasında istehsal edilən bəzi "Pilot", "Accord", "Civic" sedanlarında, eləcə də 2020-2021-ci illər arasında istehsal olunmuş bəzi "CR-V" və "Passport" modellərində rast gəlindiyi bildirib. Bu səbəbdən də 750 mindən çox avtomobil geri çağrılıb.
Qeyd edək ki, sözügedən problemin "Honda" satışlarına da təsir edəcəyi proqnozlaşdırılır. Xüsusilə, adıçəkilən modellərin satışının kəskin azalması gözlənilir.
Pərviz