"Tesla"da İlon Mask üsyanı: Kim haqlıdır?

AVTO
21:18 / 14.05.2025
44

İlon Maskın siyasətdəki fəallığı hamının reaksiyasını doğurmağa davam edir. İndi isə fabrikdə işlərin pis getməsi səbəbilə "Tesla" işçiləri üsyana qalxdı.

HİT.az xəbər verir ki, "Tesla" işçisi Mattey LaBrot "İlon Maska Qarşı Tesla İşçiləri" adlı internet saytını qurduqdan sonra işdən çıxarılıb. LaBrot "LinkedIn"də paylaşım edərək, saytı qurduğu və İlon Maskın istefasını tələb edən işçi qrupunun üzvü olduğu üçün iki həftə əvvəl işdən çıxarıldığını iddia edib.

Bu il "Tesla" böyük çətinliklərlə üzləşib. Çoxsaylı geri çağırma kampaniyaları, azalan satışlar, məhkəmə prosesləri və dalğalı səhm qiymətləri bunlardan yalnız bir neçəsidir. Nəticədə şirkətin avtomobil satışları 2024-cü ildə 10 ildən çox müddətdən sonra ilk dəfə azalma qeyd edib. Əlbəttə, bunun səbəblərindən biri də Çinli rəqiblərin daha ucuz və rəqabətli elektrikli avtomobilləri olub.

"Tesla"nın satışları bu ilin birinci rübündə 13% azalıb. Xüsusilə Avropada vəziyyət daha pisdir: Almaniyada keçən ay satışlar təxminən 50%, Fransada isə 59% düşüb. Və bu, yalnız başlanğıcdır. Çinli elektrikli avtomobillər bütün dünyada böyük sürətlə bazar payını artırır.

"Tesla" isə satışlardakı bu enişi yeni "Model Y"nin çıxarılması ilə əlaqələndirir. Şirkətin 2025-ci ilin birinci rübünə aid maliyyə nəticələri toplantısında "ilin əvvəlində bir çox bazarlarda kifayət qədər yeni Model Y olmadığını" və buna görə də satışlara müsbət təsir göstərilmədiyini iddia edib.

Lakin "Teslada Yeni Bir Dövr Üçün İşçilər" imzası ilə açıqlamada çıxan işçilər bu izaha qatılmır. Onlara görə, problem istehsal deyil, şirkətin mübahisəli CEO-su İlon Mask və onun siyasətdəki fəallığı nəticəsində yaranan mənfi imicdir.

Mütəxəssislərin təhlilləri də eyni istiqamətdədir: "Tesla"nın satışlarının azalması böyük ölçüdə İlon Maskın son dövrlərdəki sağ siyasətə dəstəyi ilə əlaqələndirilir. İlon Mask keçən il Donald Tramp və digər Respublikaçı namizədlərin seçki kampaniyalarına ən az 288 milyon dollar ianə vermişdi.

Lakin unutmaq lazımdır ki, "demokratiyanın beşiyi" olduğunu iddia edən ABŞ-də hər kəsin istədiyi siyasi görüşə dəstək verməsi təbii hüquqdur. Yenə də bu fikri dünyanın qalan hissəsinə silahlı müdaxilələrlə məcbur etməyə çalışan ABŞ demokratlarının İlon Maskın mağazalarını yandırdıqlarını və onun avtomobillərini alanlara fiziki hücumlar etdiklərini gördük. Bəs onda problem İlon Maskın siyasətə girməsi deyil, tərsinə, onun siyasi fikirlərinə qarşı zorakılıqdır? Sizcə, kim haqlıdır?

Samir

0