Azərbaycanda Özbəkistan modeli tətbiq oluna bilər?

AVTO
13:00 / 15.05.2025
70

Özbəkistanda istifadə olunan avtomobillərin çox böyük hissəsi "Chevrolet" modelləridir. 

Bu da əbəs yerə deyil. Belə ki, Özbəkistanla "Chevrolet" şirkəti arasında xüsusi bir müqavilə imzalanıb. Buna əsasən, şirkət həmin ölkə üçün münasib qiymətə xüsusi modellər istehsal edir. Həm keyfiyyətli, həm də münasib olan bu avtomobillər Özbəkistanda hər kəs tərəfindən istifadə olunur. 

Bəs Azərbaycanda belə bir addım atmaq olar? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, əslində Azərbaycanda da zaman-zaman müxtəlif avtomobil şirkətləri ilə bənzər müqavilələr bağlanıb:

373542

"Məsələn, ilk olaraq "Lada" markalı avtomobillərin ölkəmizdə yığılması barədə razılıq əldə olundu. Bundan başqa, Belarus traktorlarının yığılması üzrə də müqavilələr imzalanıb. Hətta bir neçə traktorun istehsalı bugünə qədər davam edir. Eyni zamanda, Şamaxı, Neftçala və Naxçıvanda müxtəlif nəqliyyat vasitələrinin yığılması prosesi həyata keçirilib".

Lakin ekspertin sözlərinə sözügedən addım ölkəmizdə uğurlu olmayıb:

"Bakı şəhərində də müəyyən modellərin komponentləri gətirilib. Yəni Azərbaycanda bu barədə kifayət qədər addım atılıb. Lakin Özbəkistan və bir çox ölkədən fərqli olaraq bu addım bizdə uğurlu olmayıb. Hansı ölkədə uğurlu olubsa, indiyə qədər davam edirlər və effekt verir. 

Əslində, bizdə də istehsal olunan və ya yığılan avtomobillərin texniki parametrləri qaydasında olur. Lakin həmin avtomobillər maddi baxımdan vətəndaşlar üçün cəlbedici olmur. Çünki bu nəqliyyat vasitələri baha qiymətə satışa çıxarılır. Bu isə vətəndaşların onları almasına çətinlik yaradır. Yəni sözügedən addım ölkəmizdə maddi olaraq özünü doğrultmayıb. Bu səbəbdən də vətəndaşlar digər avtomobil markalarını almağa yönəlirlər".

Pərviz

0