Hazırda Azərbaycanda çox sayda fərqli avtomobil modelləri istifadə olunur.
Hər gün paytaxt küçələrində fərqli illərdə və ölkələrdə istehsal olunan maşınları görə bilirik. Əvvəllər ölkə üzrə model sayı indiki kimi çox çeşidli deyil, hətta olduqca az idi. İndi isə bu mənzərə tamamilə dəyişib.
Xüsusilə son illərdə çox sayda ölkədən müxtəlif avtomobillər idxal olunur. Üstəlik, onların hər biri kifayət qədər maraqla qarşılanır. Bu gün şəhərə nəzər saldıqda əsasən yeni avtomobillər gözə dəyir.
Ona görə də son illərdə Azərbaycana ən çox hansı ölkələrdən avtomobil idxal olunduğu maraqlıdır. Bu istiqamətdə hansı ölkənin avtomobilləri daha çox önplana çıxır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, Azərbaycana idxal olunan avtomobillər arasında ilk yerdə Asiya maşınları gəlir:
"Yəni son zamanlarda Asiya ölkələrində istehsal olunan avtomobillər Azərbaycana gətirilənlər sırasında ilk pillədə qərarlaşır. Əsasən Mərkəzi Asiya ölkələri - Çin, Yaponiya və Koreya istehsalı olan nəqliyyat vasitələri ölkəmizə idxal olunur.
Son dönəmlərdə insanların daha çox elektromobillərə yönəlməsi bu statistikanın formalaşmasına səbəb olur. Çünki son zamanlarda Azərbaycanda da daha çox elektrikli avtomobillər satılır. Bu baxımdan isə Çin istehsalı olan avtomobillər daha çox önplana çıxır".
Ekspert qeyd edib ki, digər ölkələrdən də avtomobil idxalı davam edir:
"ABŞ, Almaniya və Avropanın bəzi ölkələrindən maşınlar idxal olunur. Ekonom olması səbəbi ilə sözügedən ölkələrin modellərinə də tələbat var.
Əvvəllər Azərbaycana idxal olunan avtomobillərdə Rusiya və MDB ölkələri üstünlük təşkil edirdi. İndi isə həmin ölkələr bu göstəriciyə görə ən aşağı yerdə gəlir. Artıq demək olar ki, Azərbaycana başda Rusiya olmaqla, MDB ölkələrində istehsal olunan avtomobillərin idxal edilmir".
Pərviz