Xaricdən avtomobil sifarişində risklər və üstünlüklər - Nəyi bilməliyik?

AVTO
19:21 / 05.06.2025
74

Azərbaycanda avtomobil almaq istəyənlərin əsas iki seçimi var: ya ölkənin daxili bazarından avtomobil almaq, ya da xaricdən sifariş vermək. Hər iki üsulun həm müsbət, həm də riskli tərəfləri mövcuddur.

Maraqlıdır, bəs hansı variant daha sərfəlidir?

Son aylar paytaxtın avtomobil bazarlarına satış məqsədilə gətirilən avtomobillərin sayı həddindən artıq artıb. Lakin avtomobil bazarında durğunluqdur.

Son vaxtlar xaricdən avtomobil sifariş edənlərin sayı çoxalıb. Bəziləri daha ucuz qiymətə avtomobil almaq üçün belə addım atır. Eyni zamanda, satış üçün avtomobil gətirənlərin sayı da artır. Ümumi hesablamalara görə, daşıma xərcləri və gömrük rüsumlarının artmasına baxmayaraq, alıcı xaricdən avtomobil sifariş etdikdə, qiymətdə təxminən 10 faiz endirim əldə edə bilir.

Məsələn, daxili bazarda qiyməti 20 min manat olan avtomobili xaricdən 18 min manata sifariş vermək mümkündür. Daha bahalı avtomobillərdə bu fərq daha çox olur. 40 min dollarlıq avtomobil xaricdən gətirildikdə 5 min dollaradək ucuz başa gələ bilər. Alıcılar, əsasən, Amerika, Koreya və Dubay bazarlarından avtomobil sifariş edir. Almaniyadan gətirilənlərin sayı isə azalıb. Bunun səbəbi Avropa ölkələrində avtomobil qiymətlərinin yüksək olmasıdır. Alternativ olaraq yüngül xərclə, lakin qəzalı vəziyyətdə Amerikadan və ya Koreyadan avtomobil almaq daha sərfəli sayılır. Bu səbəbdən son illər Almaniyadan gətirilən maşınların sayı azalıb.

Bazarlarda avtomobillərin çoxalmasının digər bir səbəbi isə alverçilərin bir neçə avtomobili satış üçün eyni vaxtda bazara çıxarmasıdır. Lakin hər kəs xaricdən avtomobil almağa üstünlük vermir.

Xaricdən avtomobil sifariş edənlərin çoxunun qarşılaşdığı əsas problem sifariş verdikləri avtomobilin gözlənilən vəziyyətdə gəlməməsidir. Məsələn, vətəndaş avtomobil sifariş verir, lakin maşın gələndə məlum olur ki, avtomobil suda qalıb və ya ciddi zərər görüb. Koreyadan gətirilən maşınların böyük əksəriyyətində isə kilometraj göstəricisi geri çəkilir.

Alıcı bu barədə məlumatlı olmur və ya etibarlı yoxlamadan keçirmir. Buna görə də xaricdən avtomobil sifarişi, əsasən, peşəkar alverçilər arasında yayılıb. Özünə ilk avtomobil alanlar və avtomobil bazarından anlayışı olmayan şəxslər isə daha çox daxili bazardan alışa üstünlük verirlər. Çünki daxili bazarda avtomobili yerində yoxlatmaq, ustaya göstərmək və vəziyyətindən əmin olmaq mümkündür. Bu isə alıcıya rahatlıq verir.
Avtomobil almaq istəyən şəxs bu sahədən kifayət qədər məlumatlıdırsa, özünün xaricdən sifariş verməsi daha sərfəlidir. Əks halda, aldadılma riski çox yüksəkdir.

Nəticədə xaricdən avtomobil sifariş etmək istəyəndə, alıcının qarşısında seçim az olmur: qiymət endirimi cəlbedici olsa da, əlavə risklər və xərclər mövcuddur. Gömrük rüsumları, daşıma xərcləri, vaxt itkisi, texniki problemlər və avtomobilin real vəziyyəti ilə bağlı risklər xaricdən alışın üstünlüklərini azalda bilər. Daxili bazar isə daha əlçatan və təhlükəsiz variantdır. Burada avtomobili yerində yoxlamaq, sənədləri dərhal almaq və satıcı ilə şəxsən ünsiyyət qurmaq mümkündür. Buna görə də xüsusən avtomobil bazarına yeni daxil olan təcrübəsiz alıcılar daxili bazarı üstün tuturlar.

Hər iki variantın özünəməxsus üstünlükləri və riskləri var. Əgər alıcı kifayət qədər məlumatlıdırsa, bazarı yaxından tanıyırsa, xaricdən sifariş verə bilər. Əks halda, daxili bazar daha məntiqli seçimdir.

Mənbə: Trend.az

0