Ən etibarlı avtomobillər: Yüksək reputasiyaya malik 5 Amerika markasını

AVTO
18:08 / 07.07.2025
62

ABŞ-da yüzlərlə fərqli avtomobil istehsal olunur, lakin onların hamısı etibarlılığı ilə seçilmir. 

HİT.az xəbər verir ki, "GOBankingRates" nəşri ən az texniki problem yaşayan 5 ABŞ avtomobil markasını açıqlayıb. Ekspertlərin fikrincə, bu istehsalçıların avtomobilləri nadir hallarda sıradan çıxır və aşağı servis xərcləri ilə fərqlənir.

1. "Buick"

Məşhur "J.D. Power" araşdırmasına əsasən, "Buick" ABŞ-da etibarlılıq baxımından ilk yeri tutur. "Buick" modelləri həm ucuz servis xərcləri, həm də möhkəm konstruksiyası ilə seçilir.

AutoInsurance.org mütəxəssisi Melani Musson bildirir ki, bu avtomobillər asanlıqla təmir olunur və ehtiyat hissələri münasib qiymətədir.

2. "Cadillac"

Komfort və yüksək texnoloji təchizat ilə tanınan "Cadillac" avtomobilləri də etibarlılığı ilə fərqlənir. Bu brendin avtomobilləri, prestijli seqmentdə olmasına baxmayaraq, uzunömürlü və dayanıqlıdır.

3. "Chevrolet"

"Chevrolet" "J.D. Power" reytinqində "Buick" ilə birlikdə ikinci yeri bölüşür. Markanın avtomobil, SUV və pikap modelləri geniş çeşiddə təqdim olunur.

Musson qeyd edir: "Bəzi modelləri digərlərindən daha etibarlıdır, amma ümumi götürdükdə, "Chevrolet" orta səviyyədən daha yüksək etibarlılıq nümayiş etdirir".

4. "GMC"

"GMC" də etibarlılığa görə ABŞ-ın aparıcı markaları arasında yer alır. Xüsusilə "Sierra" və "Yukon" modelləri qeyd olunub. Bu avtomobillər həm güclü mühərrikləri, həm də servis baxımından əlçatanlığı ilə üstünlük təşkil edir.

5. "Ford"

"Ford" modelləri də dayanıqlığı və uzunömürlülüyü ilə tanınır. Servis xərcləri bəzi rəqiblərlə müqayisədə daha yüksək ola bilər, lakin bu avtomobillər nadir hallarda nasazlıq verir.

"EpicVIN"in marketinq direktoru Aleks Blek "Ford"u praktik və büdcəyə uyğun seçim kimi dəyərləndirir. Xüsusilə F-150 kimi pikap modelləri yüksək qiymətləndirilir.

Əlavə olaraq, mütəxəssislər 320 000 kilometrdən çox məsafə qət etmiş beş etibarlı avtomobili də açıqlayıblar. Bu siyahıya "Chevrolet Silverado" və "Honda Accord" da daxildir – hər iki model yüksək dözümlülük və aşağı nasazlıq səviyyəsi ilə tanınır.

Samir

0