Elektromobil sahibi bu maşınların problemlərini açıqladı

AVTO
16:20 / 04.08.2025
59

Məlum olduğu kimi, son illərdə ekoloji tendensiyalar fonunda elektromobillər çox populyarlaşıb. İlk modellərdən sonra bir çox avtomobil konsernləri ya tam elektrikli, ya da hibrid modellərini təqdim etməyə başlayıb. Lakin bu texnologiyanın geniş yayılmasına baxmayaraq, bəzi istifadəçilər praktiki narahatlıqlardan şikayətlənirlər.

HİT.az xəbər verir ki, "Reddit" platformasında "@marsinlynnn" adlı istifadəçi aldığı - adı açıqlanmayan - elektromobillə bağlı neqativ təcrübəsini bölüşüb və bu avtomobilin bir sıra çatışmazlıqlarını qeyd edib.

Onun sözlərinə görə, bu avtomobil həyatının ən böyük narahatlığıdır və eyni zamanda praktik deyil, mənasızdır. Əsas səbəb – uzun səfərlər zamanı akkumulyatorun tez-tez və uzunmüddətli şarj edilməsinə olan ehtiyacdır. Sürüş müddəti bu səbəbdən dəfələrlə uzanır və bu, qadının ailəsinin səfər planlamasını çətinləşdirir.

"Bu, həyatımda ən böyük narahatlıqdır. 160 km-dən artıq hər hansı bir yol səyahəti altı saata çevrilir, çünki akkumulyatoru haradasa doldurmalı oluruq. Şarj prosesi ən azı 30 dəqiqə çəkir və bununla yalnız 240 km məsafə qət etmək olur", deyə o, yazıb.

O, əlavə edib ki, aşağıdakı hallarda akkumulyator daha sürətli tükənir:

* dağa qalxma zamanı;
* 110 km/saatdan yuxarı sürətlə hərəkət edərkən;
* çox isti və ya soyuq havada;
* kondisionerdən istifadə zamanı.

Avtomobil sahibi deyir ki, bu avtomobil ona bir çox mühüm görüşlərə gecikməyə, işlərini yerinə yetirə bilməməyə səbəb olub. Yeganə səbəb ki, o bu maşını hələ dəyişməyib – həyat yoldaşının elektromobili çox sevməsidir. Hər dəfə bu məsələ gündəmə gələndə əri ona benzinin bahalığından danışır.

Bununla belə, qadın bildirir ki, artıq onun üçün hansı variantın daha sərfəli olması önəmli deyil: “Gərək pulları benzinə xərcləyərdim, amma hər səfərdə 30-60 dəqiqəlik şarj növbəsi gözləməzdim”. 

Onların ailəsi dağa qalxma səbəbindən bir şarjla yaxınlarını ziyarət edə bilmir. Qadın onu da qeyd edir ki, iki saatlıq səfərin altı saata uzandığı hallar olub – səbəb: şarj stansiyalarında uzun növbələr.

“Sizə deyim ki, kaş biz adi benzinli avtomobil alsaydıq. Bu mənasız elektromobil – həyatımda qarşılaşdığım ən böyük narahatlıqdır”, deyə o, fikrini yekunlaşdırıb.

Nəticə etibarilə, hər kəs özü qərar verməlidir – elektrik, yoxsa benzin. Amma seçim etməzdən əvvəl bütün risk və çətinlikləri əvvəlcədən hesablamaq məsləhətdir.

Samir

0