Son zamanlarda Azərbaycanda elektrikli avtomobillərə maraq azalmağa doğru gedir.
Bu, ölkəyə gətirilən elektromobillərin və onların satışının sayının azalmasına da özünü biruzə verir.
Bəs bunun səbəbi nədir?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O, ölkəmizdə elektrikli avtomobillərə olan marağın azalmasını bu şəkildə izah edib:
"Bəli, son zamanlarda Azərbaycanda elektromobillərin satışı azalıb. Elektrikli avtomobillərin ölkəmizdə populyarlıq qazanmamasının səbəblərindən biri də onlarla bağlı müəyyən problemlərin olmasıdır.
Əsasən onları şarj edəcək avadanlıqların yetərli qədər olmaması, ustaların və ehtiyat hissələrinin tapılmaması kimi problemlərdən bəhs etmək olar. Həmçinin, elektrikli avtomobillərin yolda qalması kimi problemlər də var. Bütün bunlar isə əsas boşluq kimi göstərilir. Bundan başqa, bəzi elektromobillər insanlara problem yaradacaq şəkildə istehsal olunur".
Ekspert qeyd edib ki, ölkəmizdə elektrikli avtomobillərin ehtiyat hissələri, şarj rentabelliyinin artırılması və digər problemlərin həlli üçün bir çıxış yolu yoxdur:
"Ona görə də insanlar artıq elektromobillərdən qaçırlar. Bunun bir neçə səbəbi var. Başlıca səbəblərdən biri də təchizat zəncirinin qırılmasıdır. Yəni insanlar bu və digər formada təchizatı təmin edə bilmirlər. Bu kimi amillər nəqliyyat vasitələrinin istifadəsində, rentabelliyində müəyyən problemlər yaradır. Bunları aradan qaldırmağın yollarını axtarıb tapmaq lazımdır".
Pərviz