Azərbaycanda qış təkərlərindən istifadə məcburidir? - AÇIQLAMA

AVTO
13:05 / 07.10.2025
138

Qış aylarında dünyanın bir çox ölkəsində avtomobillərdə qış təkərlərindən istifadə olunur. 

Bu, bəzi ölkələrdə qanunla tənzimlənir və qış təkərlərindən istifadə etməmək qadağandır. Bəzi ölkələrdə isə bununla bağlı hansısa qayda və ya qadağa yoxdur. Hər qış aylarında ölkəmizdəki sürücülər üçün isə sözügedən təkərlərdən istifadə etmək tövsiyə olunur. Lakin bu, bəzən çaşqınlığa səbəb olur. Bir çox sürücü bunun məcburi olduğunu düşünür. 

Bəs Azərbaycanda qış təkərlərindən istifadə məcburidirmi? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, qış təkərlərindən istifadə əsasən soyuq ölkələrdə məcburidir:

383474

"Məsələn, Skandinaviya ölkələri və ya Şimal qütbə yaxın dövlətlərdə qış təkərlərindən istifadə məcburidir. Hətta ondan istifadə etməməyə görə cərimə də var. 

Lakin isti ölkələrdə vəziyyət fərqlidir. Azərbaycan kimi isti iqlimə malik olan ölkələrdə qış təkərlərindən istifadə etmək məcburi deyil. Buna baxmayaraq, təkərləri nəzarətdə saxlamaq tövsiyə edilir". 

Ekspert qeyd edib ki, xüsusən qarlı havalarda sürüşmələrin qarşısını almaq üçün qış təkərlərindən istifadə məsləhətdir:

"Yaxşı olar ki, sürücülər buna görə təkərlərinin qalınlığına və ümumi vəziyyətinə fikir versinlər. Ümumiyyətlə, hər hansısa nəqliyyat vasitəsi yol hərəkəti iştirakçılarına problem yaratmamalı və yolda sürüşməyə meyilli olmamalıdır. Qış təkəri ilə bağlı məcburi qayda olmasa da, buna fikir vermək tövsiyə olunur". 

Pərviz

0