Son illərdə avtomobillərdə led lampaların istifadəsi geniş yayılıb.
Əsasən müasir Çin maşınlarında bu işıqlara rast gəlirik. Yəni həmin avtomobillər zavod tərəfindən sözügedən işıqlarla təchiz olunur. Lakin bəzi köhnə modellərdə də bu işıqlarla rast gəlirik. Onların sürücüləri isə özləri lampaları dəyişərək belə işıqlandırmaya sahib olurlar.
Ancaq sonradan quraşdırılan bu işıqların həddindən artıq dərəcədə gur olması qəza şəraitinin yaranmasına gətirib çıxarır. Çünki led işıqlar qarşıdan gələn avtomobillərin sürücülərinə çətin anlar yaşadır. Bu isə küçənin görünməsini məhdudlaşdırır.
Bəs led işıqların istifadəsi qadağandırmı?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlama verib. O bildirib ki, avtomobillərə gur led lampaların quraşdırılması qanunla qadağandır:
"Bu qadağa əlavə avandlıq olanlara aiddir. Yəni avtomobili istehsal edən zavodun qoyduğu və icazə verilən maksimal həddi keçməyən led lampalarla bağlı məhdudiyyət yoxdur. Zavod tərəfindən quraşdırılan led işıqlar bu standartlara uyğun olduğu üçün həmin avtomobillərə icazə var.
Əgər avtomobilə quraşdırılan led işıqlar müəyyən olunan standartlara cavab verməsə istifadəsi qadağandır. Belə lampalardan istifadə etməyə icazə verilmir".
Ekspert qeyd edib ki, gur led lampaların istifadəsinə görə kifayət qədər yüksək cərimə də var:
"Cərimənin miqdarı 150 manatdır. Bu zaman avtomobil duracağa təhkim aparılır. Cərimə ödənildikdən və həmin lampalar söküldükdən sonra avtomobilin istismarına icazə verilir".
Pərviz