Elektrikli avtomobillərin taleyi dəyişir: 965.000 km ömürlü batareya gəlir

AVTO
21:57 / 15.10.2025
38

Elektrikli avtomobillər aşağı istismar xərcləri və ətraf mühit dostu quruluşu ilə gələcəyin nəqliyyat növü kimi göstərilsə də, çox saylı istifadəçi və potensial alıcı üçün hələ də aradan qaldırılması lazım olan bir şübhə divarı var. 

HİT.az xəbər verir ki, bu şübənin əsasında isə batareya ömrü və tək doldurma məsafəsi durur. Xüsusilə doldurma stansiyalarının məhdud olduğu yerlərdə yaşayanlar və ya tam doldurma üçün uzun müddət gözləmək istəməyənlər üçün bu, böyük bir maneə təşkil edir.

Lakin, enerji texnologiyaları sahəsində fəaliyyət göstərən StoreDot adlı innovativ bir şirkət bu vəziyyəti kökündən dəyişdirəcək bir inkişafa imza atdı. Şirkət elektrikli avtomobillər üçün təxminən 965.000 kilometr ömür vəd edən yeni nəsil batareya texnologiyasını elan etdi. Bu inkişaf sektorda həqiqi bir inqilab yaradma potensialı daşıyır.

Dr. Doron Myersdorf tərəfindən 2012-ci ildə qurulan və hal-hazırda da onun CEO vəzifəsini davam etdirdiyi StoreDot, qurulduğu gündən bəri yüksək enerji sıxlığı və ultra sürətli doldurma texnologiyalarına diqqət yetirir. Otuz beşi doktorluq dərəcəsinə malik mütəxəssislərdən ibarət tədqiqat komandası, mövcud texnologiyanın sərhədlərini sınayaraq davamlı və ətraf mühit dostu nəqliyyat üçün yeni standartlar müəyyən etməyi hədəfləyir.

StoreDot-un 965.000 kilometr kimi iddialı bir ömür təklif edən yeni batareyası, performansını təmin etmək üçün ənənəvi batareyalardan fərqli bir yol tutur. Bu yeni texnologiya batareya anodlarında qrafit əvəzinə silikon əsaslı anodlar və misilsiz bir silikon-karbon kompozit material qarışığından istifadə edir.

Batareyalarda qrafit əvəzinə silikonun seçilməsi həm texniki, həm də ətraf mühit baxımından əhəmiyyətli üstünlüklər gətirir. Silikon qrafitlə müqayisədə daha çox enerji saxlaya bilmə qabiliyyətinə malikdir. Üstəlik təbiətdə bol miqdarda tapılması da uzunmüddətli davamlılıq və xərc üstünlüyü təmin edir.

StoreDot, mövcud elektrolit və hüceyrə dizaynı texnologiyalarını optimallaşdıraraq bu silikon üstünlüyünü ən yüksək səviyyəyə çıxarmağı hədəfləyir.

Yeni batareyanın təqdim etdiyi əsas xüsusiyyətlər şirkət tərəfindən aşağıdakı kimi siyahıya alınıb:

* Davamlılıq: 2.000-dən çox tam doldurma dövrünə tab gətirə bilir.

* Sürət: Cəmi beş dəqiqəlik doldurma ilə təxminən 160 kilometr mənzil təmin edir.

* Səmərəlilik: Ənənəvi batareyalarla müqayisədə daha kiçik və yüngül quruluşu ilə avtomobillərdə daha az yer tutur və ümumi avtomobil çəkisini aşağı salaraq əhəmiyyətli bir performans artımı təmin edir.

StoreDot-un Qlobal Strategiya Direktoru Dr. David Li bu inkişafı "dəyirman açan bir uğur" kimi qiymətləndirir və eyni zamanda həm ifrat sürətlə doldurula bilən, həm də uzunömürlü bir batareyanın istehsal oluna biləcəyini sübut etdiklərini bildirir.

Ən mühüm detallardan biri də bu yeni batareyanın StoreDot-un mövcud istehsal texnologiyaları ilə tam uyğun olmasıdır. Bu uyğunluq istehsalı sürətləndirməyi və miqyaslandırmağı asanlaşdıraraq texnologiyanın tez bir zamanda elektrikli avtomobil istehsalçıları ilə qurulacaq tərəfdaşlıqlar vasitəsilə yayılmasının qarşısını açır. Əgər bu texnologiya vədlərini yerinə yetirsə, batareya narahatlıqları elektrikli avtomobillərin qarşısındakı ən böyük maneə olmaqdan çıxa bilər.

Samir
 

0