Orijinaldan 17 dəfə ucuz: BMW X5-in Çin nüsxəsi əsl krossoverlə müqayisə olundu

AVTO
15:52 / 27.10.2025
53

Avtomobil həvəskarları yalnız 4000 dollara başa gələn çin istehsalı BMW X5 nüsxəsini sınaqdan keçiriblər.

Hit.az xəbər verir ki, bu avtomobil məşhur çin onlayn ticarət platformalarından birində əldə olunub.

"Supercar Blondie" nəşrinin məlumatına görə, saxta krossoverin ABŞ-da təxminən 68 000 dollara satılan orijinal BMW X5 modeli ilə rəqabət aparmaq şansı olmayıb. Lakin qiymət fərqini nəzərə aldıqda, bu avtomobil gözlənildiyi qədər pis təsir bağışlamayıb.

Əsas fərq onun zahiri görünüşündədir. Çin istehsalı model dizayn baxımından BMW X5-ə bənzəməyə çalışsa da, ölçüləri və proporsiyaları dərhal bunun surət olduğunu göstərir. Hətta avtomobilin emblemi də alman markasının loqotipini xatırladır.

Krossoverin diskləri də çox kiçikdir – cəmi 14 düym, halbuki orijinal modeldə bu göstərici 20 düymdür. Nəticədə, əsl BMW X5 daha hündür, enli və uzun təsir bağışlayır.

Mütəxəssislər bildiriblər ki, çin avtomobilinin yığılma keyfiyyəti və istifadə olunan materiallar alman istehsalından xeyli zəifdir. Ədalətli müqayisə aparmaq üçün həvəskarlar BMW X5 nüsxəsini "Lamborghini Urus" modelinin saxtası ilə də sınaqdan keçiriblər.

Üç müxtəlif test keçirilib: sürət yarışı, asqının dayanıqlığı və sürətlənmə sınağı. İlk sınaqda BMW X5 nüsxəsi qalib gəlib, ikinci testdə isə "Lamborghini Urus" surəti daha yaxşı nəticə göstərib. Sürətlənmə testində isə BMW X5 nüsxəsi birinciliyi qazanıb.

Qeyd edək ki, daha əvvəl britaniyalı bloqer və avtomobil həvəskarı Skott Çivers doqquz ay ərzində öz "Ferrari 360" modelini bərpa etdiyini, lakin prosesin sonda uğursuz nəticələndiyini açıqlamışdı. O, avtomobili tam söküb, yenidən rəngləyib və interyeri təmir edib, lakin kuzovdakı vinil zolaq büzülərək kəskin çıxıntılar əmələ gətirib. Çivers bu qüsurun ön hissədən başlayaraq damadək yayıldığını və yenidən bərpa işlərinə başlamağı düşündüyünü bildirib.

Samir
 

0