Avtomobil həvəskarlarını gələn il bir çox yeni model gözləyir və onların bəziləri dünya bazarında satış liderlərinə çevrilə bilər.
Hit.az xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, "Edmunds" mütəxəssisləri 2026-cı ilin ən çox gözlənilən beş avtomobilini açıqlayıblar. Onların fikrincə, bu modellər satış bazarında əsl hit ola bilər.
2026-cı ilin 5 ən çox gözlənilən avtomobili
Toyota RAV4
"Toyota RAV4" uzun illərdir həm Ukraynada, həm də ABŞ-da ən populyar krossoverlərdən biridir. 2026-cı ildə modelin altıncı nəsli satışa çıxarılacaq. Yeni versiya əvvəlkiləri ilə müqayisədə bir çox üstünlüklərə malik olacaq.
Yeni "Toyota RAV4" yalnız hibrid mühərriklə təklif ediləcək və yanacaq sərfiyyatını minimuma endirəcək. Bundan başqa, avtomobil təkmilləşdirilmiş təhlükəsizlik sistemləri, müasir texnologiyalar və daha yüksək səviyyəli komfort ilə təchiz olunacaq.
Subaru Outback
"Subaru Outback" modelinin yeddinci nəsli bu seriyanın fəlsəfəsini tamamilə dəyişəcək. Artıq o, sadəcə yolsuzluq üçün universal avtomobil deyil, güclü və cəld krossover olacaq.
Yeni "Subaru Outback" 22,7 sm klirensə və yenilənmiş interyerə sahib olacaq. Modelin avadanlıq səviyyəsi də genişləndiriləcək.
Kia Telluride
"Kia Telluride" ABŞ-da satışa çıxdığı ilk gündən etibarən çox populyar krossoverlərdən birinə çevrilmişdi. Yeni nəsil model geniş salonu və zəngin texniki təchizatını qoruyacaq.
Rəsmi təqdimat hələ baş tutmasa da, ekspertlər yeni "Kia Telluride"in təkmilləşdirilmiş hibrid qurğuya malik olacağını və 100 km-ə 8 litrdən az yanacaq sərf edəcəyini proqnozlaşdırırlar.
Honda Prelude
"Honda Prelude" 1978–2001-ci illərdə istehsal olunmuş idman tipli kupe modelidir. 2025-ci ildə Yaponiyada bu avtomobilin altıncı nəsli istehsala buraxılıb və əvvəlkilərdən tam fərqlənir.
Yeni "Honda Prelude" hibrid kupe olaraq təqdim edilir və "Honda Civic" ilə "Honda Accord" modellərinin kupe versiyalarını əvəzləyir. O, 2,0 litrlik benzin mühərriki və elektrik motoru ilə təchiz olunub, ümumi gücü 327 at qüvvəsinə, fırlanma anı isə 501 Nm-ə çatır.
RAM 1500 Rev
Əvvəlcə "RAM 1500 Rev" tam elektrik pikap kimi planlaşdırılmışdı, lakin seriya versiyasında iki elektrik mühərrikinə əlavə olaraq benzin mühərriki də olacaq. Daxili yanma mühərriki təkərləri hərəkətə gətirməyəcək, yalnız generator funksiyasını yerinə yetirəcək.
Modelin yalnız elektrik rejimində gediş məsafəsi təxminən 235 km təşkil edir. Benzin mühərriki sayəsində ümumi məsafə 1110 km-ə qədər artırılıb.
Samir


