"Zaman bombaları": Mütəxəssislər işlənmiş "Tesla" avtomobillərini tənqid etdi

AVTO
23:08 / 10.12.2025
40

İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti “Consumer Reports” tərəfindən tərtib edilən işlənmiş avtomobillərin son reytinqində etibarlılıq baxımından sonuncu yeri tutub. Şirkət 0-dan 100-ə qədər bal şkalasında birinci yerdən 40 baldan çox geri qalıb.

HİT.az xəbər verir ki, bu barədə "Futurism" yazıb.

CR testləri beş–on il yaşı olan modellərə yönəlib. Araşdırılan 26 brend arasında ən yaxşı nəticə göstərənlər 77 balla “Lexus” və 73 balla “Toyota” olub. İlk beşliyi isə 58–53 bal arası nəticə göstərən Yaponiyanın “Mazda”, “Honda” və “Acura” markaları tamamlayıb.

Nəşr bildirir ki, vəziyyət ABŞ istehsalçılarına keçəndə daha da kritik olur. Siyahının son onluğunda yer alan brendlərin hamısı, bir istisna olmaqla, amerikalıdır. Ən zəiflər arasında ən yaxşı nəticə 40 balla “Chevrolet”ə məxsusdur. “Tesla” isə cəmi 31 balla ən aşağı göstərici əldə edərək “Jeep”dən yalnız bir ballıq fərqlə geridə qalıb.

Bu zəif nəticə şirkətin istehsal problemlərini və keyfiyyətə nəzarət üzrə mübahisəli reputasiyasını əks etdirir. CR reytinqi istifadəçilərin avtomobillərində üzləşdikləri nasazlıqlar barədə sorğularına əsasən hesablayıb. Ümumilikdə 2016–2021 model illərinə aid 140 mindən çox avtomobilin məlumatları təhlil olunub. Problemlər ciddilik dərəcəsinə görə qiymətləndirilib və hər avtomobildə aşkar edilən nasazlıqlar həmin model ilinin orta göstəricisi ilə müqayisə edilib.

Yeni avtomobillər baxımından “Tesla”nın vəziyyəti fərqli olub: şirkət CR reytinqində 18-ci yerdən 9-cu yerə yüksəlib — bu, son üç ilin modellərinin təhlilinə əsaslanır. Lakin bu nisbi uğur xoşagəlməz bir nüansla müşayiət olunub: "Cybertruck".

CR məlumatına görə, “Tesla”nın ən etibarlı yeni modeli hesab edilən "Model Y" 81 bal toplayıb. Məşhur problemləri ilə gündəmə gələn pikap isə bunun yarısından az — cəmi 34 bal əldə edib. Məqalədə belə deyilir:

“Başqa sözlə, o, on ildir istismarda olan istənilən "Tesla"dan daha az etibarlıdır. Təəccüblü deyil. Maskın "apokalipsisə davamlı" və güllələri dayandıra bilən avtomobil kimi təriflədiyi "Cybertruck" cəmi iki il ərzində tam on dəfə geri çağırılıb. Üstəlik, o, gülləyə davamlı da deyil".

Geri çağırılma səbəbləri isə daha ciddi qüsurlara bağlıdır. Mart ayında “Tesla” o vaxta qədər satılan demək olar ki, bütün "Cybertruck"ları geri çağırıb. Səbəb: paslanmayan polad kuzov panellərinin keyfiyyətsiz yapışqan səbəbindən hərəkət zamanı qopa bilməsi.

Model həmçinin hərəkət zamanı gücün itirilməsi və qaz pedalının aşağı vəziyyətdə ilişib qalması kimi problemlərə görə də geri çağırılıb.

Samir

0