Avtomobillərdəki iri ekranlar düşünüldüyündən daha təhlükəli imiş

AVTO
23:35 / 25.12.2025
38

Son illər avtomobil salonlarında sürətlə yayılan iri toxunma ekranları nə qədər futuristik görünsə də, sürüş təhlükəsizliyi baxımından ciddi suallar doğurur.

Hit.az Vaşinqton Universiteti və Toyota Araşdırma İnstitutu tərəfindən aparılan yeni tədqiqat sükan arxasında toxunma ekranları ilə işləməyin nə qədər riskli olduğunu konkret elmi göstəricilərlə ortaya qoyub.

“Hərəkət halındakı ekranlar” başlığı ilə dərc edilən araşdırmada yüksək dəqiqlikli sürüş simulyatorlarında iştirakçıların göz hərəkətləri, əl bacarıqları və stress səviyyələri real vaxtda izlənilib və diqqətçəkən nəticələr əldə olunub.

Tədqiqat zamanı sürücülərdən şəhərdaxili hərəkəti xatırladan şəraitdə irəliləyərkən eyni zamanda ekrandan radio stansiyasını dəyişmək və ya kondisioner sazlamaları ilə məşğul olmaq kimi sadə tapşırıqları yerinə yetirmələri xahiş olunub. Lakin bu “sadə” əməliyyatlar hərəkət zamanı gözlənildiyi qədər asan olmayıb. Məlumatlara görə, avtomobil hərəkətdə olarkən toxunma ekranına toxunuşun dəqiqliyi və əməliyyat sürəti normal şəraitlə müqayisədə 58 faiz azalır. Bu isə sürücünün ekranda doğru nöqtəni tapmaq üçün daha çox vaxt sərf etməsi və səhv etmə ehtimalının artması deməkdir.

Toxunma ekranları ilə bu “mübarizə” yalnız ləngimə ilə məhdudlaşmır, avtomobilin yoldakı hərəkətinə də birbaşa təsir göstərir. Araşdırma göstərib ki, sürücülər menyular arasında diqqətini itirdiyi anlarda zolaqdan çıxma halları 40 faizdən çox artır. Bu isə təhlükəli bir zəncirvari təsir yaradır: sürücü ekrana baxmaq üçün gözünü yoldan çəkir, barmağı ilə düzgün ikonu seçə bilmədikdə daha çox fokuslanmalı olur və həmin vaxt avtomobil üzərində nəzarət zəifləyərək qəza riski yüksəlir. Göz bəbəklərinin böyüməsi və dərinin elektrik keçiriciliyindəki dəyişikliklər kimi fizioloji göstəricilər sürücülərin bu prosesdə ciddi idrak yükü və artan stress yaşadığını təsdiqləyir.

Avtomobil istehsalçıları üçün bir çox funksiyanı tək ekranda cəmləşdirmək xərclər baxımından cəlbedici olsa da, istehlakçı reaksiyaları və təhlükəsizlik qurumlarının təzyiqi bu yanaşmanı tədricən dəyişir. Bəzi şirkətlər şüşəsilənlərin idarəsi, şüşə buğusunun açılması və səs tənzimlənməsi kimi vacib funksiyalar üçün yenidən fiziki düymələrə qayıdır.

Tədqiqatçılar avtomobil istehsalçılarına menyuların dərinliyini azaltmağı və ən çox istifadə edilən funksiyalar üçün fərdiləşdirilə bilən fiziki düymələr əlavə etməyi tövsiyə edirlər. Daim dəyişən və yüksək dəqiqlik tələb edən rəqəmsal menyuların əzələ yaddaşına hopan mexaniki düymələri tam əvəz etməsi real görünmür. Gələcəkdə sistemlərin sürücünün diqqətinin yayıldığını hiss etdikdə düymələri böyütmək kimi ağıllı tədbirlər görməsi planlaşdırılsa da, hazırda ən təhlükəsiz yol gözünü yoldan ayırmadan istifadə edilə bilən fiziki idarəetmə elementlərindən keçir.

Samir

0