Ən etibarlı alman krossoverləri: Ekspertlər 5 modeli açıqladı

AVTO
21:59 / 29.12.2025
37

Avtomobil həvəskarları arasında alman istehsalçılarının dünyanın ən texnoloji və etibarlı avtomobillərindən bəzilərini buraxdığı barədə geniş yayılmış fikir var. Bununla belə, onların arasında da öz liderləri mövcuddur.

Hit.az xəbər verir ki, “Jalopnik” nəşri “Consumer Reports” araşdırmasına əsaslanaraq ən etibarlı 5 alman krossoverinin adını açıqlayıb. Ekspertlərin sözlərinə görə, bu modellər çox nadir hallarda sıradan çıxır.

“BMW X3”

Nəşrdə qeyd olunur ki, “BMW X3” modelinin dördüncü nəsli kifayət qədər qeyri-adi dizayna malikdir, lakin onun etibarlılığı şübhə doğurmur. Üstəlik, “Consumer Reports”un araşdırmasına əsasən, bu avtomobil müasir alman krossoverləri arasında ən etibarlılardan biri hesab olunur.

“Audi Q7”

Nəşr bildirir ki, “Audi” avtomobilləri etibarlılıq baxımından tez-tez rəqiblərindən geri qalır. Lakin “Q7” bu qaydanın istisnasıdır.

“Consumer Reports”un ən etibarlı üçsıralı premium krossoverlər reytinqində “Audi Q7” üçüncü yeri tutaraq “Lexus TX”, “Volvo XC90” və “Lexus GX” modellərini geridə qoyub.

“BMW X5 xDrive50e plug-in hybrid”

“BMW X5 xDrive50e plug-in hybrid” enerji yığımı mümkün olan hibrid güc qurğusuna malik ən etibarlı müasir krossoverlərdən biri kimi qiymətləndirilib. Nəşrdə əlavə olunub ki, bu model yalnız elektrik rejimində 63 kilometrədək məsafə qət edə bilir.

“BMW X7”

“Consumer Reports”un ən etibarlı üçsıralı premium krossoverlər reytinqində “BMW X7” yalnız hibrid “Lexus TX hybrid” modelinə uduzaraq ikinci yerdə qərarlaşıb. Nəşr qeyd edir ki, bu avtomobil geniş interyer və qabaqcıl texnologiyalar da təklif edir.

“BMW X5”

“Consumer Reports” reytinqinə əsasən, benzin mühərrikli “BMW X5” alman krossoverləri arasında etibarlılıq üzrə ən yüksək bal toplayıb. Bu göstəricidə xüsusilə xDrive40i modifikasiyasında 380 at gücü və 520 Nm fırlanma anı hasil edən altısilindrli “B58” mühərrikinin böyük rolu var.

Samir
 

0