İllərdir müzakirə olunan “batareya neçə ilə sıradan çıxır” sualına cavab verən genişmiqyaslı araşdırma göstərib ki, batareyalar əslində avtomobilin özündən belə daha uzunömürlü ola bilər. Lakin gündəlik istifadə edilən məşhur bir üsulun batareya ömrünü gözləniləndən iki dəfə daha sürətlə azaltdığı üzə çıxıb.
HİT.az xəbər verir ki, elektrikli avtomobil sahiblərini və bu texnologiyaya keçməyi düşünənləri ən çox maraqlandıran məsələ batareyaların nə qədər davamlı olması və bir gün dəyişdirilməsinin hansı xərclərə başa gələcəyidir. Daxiliyanma mühərrikli avtomobil sürücüləri “yalnız yağını dəyişdim, 300 min kilometr yol getdi” deyə fəxr etdiyi halda, yeni bir araşdırma elektrikli avtomobillərdə batareya ömrü ilə bağlı müzakirələrə aydınlıq gətirir. “Geotab” tərəfindən yayımlanan son hesabat batareyaların gözlənildiyindən daha uzunömürlü olduğunu, lakin sürücülərin şarj vərdişlərinin bu müddətə birbaşa təsir etdiyini göstərir.
Araşdırmanın nəticələrinə görə, ictimai “sürətli şarj” (DC) stansiyalarından intensiv istifadə edən avtomobillər batareya sağlamlığı baxımından ciddi risk altındadır. 21 fərqli model üzərində aparılan analiz göstərib ki, hər şarj dövrünün 12 faizindən çoxunu sürətli şarjla həyata keçirən avtomobillərdə, yavaş şarj olunanlarla müqayisədə iki dəfə artıq tutum itkisi müşahidə olunur. İllik hesabla ümumi tutum azalması orta hesabla 2,3 faiz təşkil edir, lakin davamlı olaraq yüksək gərginlikli stansiyaları seçən sürücülərdə bu göstərici xeyli sürətlə artır.
İki il əvvəl 1,8 faiz olan illik aşınma göstəricisinin bu gün 2,3 faizə yüksəlməsi diqqətçəkən məqamdır. Mütəxəssislər bu artımı həm test edilən avtomobil parkının yaşlanması, həm də rahatlıq səbəbindən sürücülərin sürətli şarj stansiyalarına daha çox yönəlməsi ilə əlaqələndirirlər. Yüksək şarj sürətinin batareya elementləri üzərində yaratdığı təzyiq, smartfonlarda olduğu kimi, elektrikli avtomobillərdə də batareya ömrünü qısaldır.
Sürətli şarjın təsiri açıq şəkildə ortaya qoyulsa da, ümumi mənzərə kifayət qədər nikbindir. “S&P Global”ın məlumatlarına görə, ABŞ yollarında bir avtomobilin orta istismar müddəti təxminən 13 ildir. “Geotab”ın hesabatı isə elektrikli avtomobil batareyalarının bu müddəti xeyli üstələyə biləcəyini sübut edir. Yəni əksər hallarda batareyalar avtomobilin özündən daha uzun müddət işlək vəziyyətdə qala bilir.
“Geotab”ın dayanıqlı mobillik üzrə rəhbəri Şarlotta Arq qeyd edir ki, batareyalar hələ də həm avtopark menecerlərinin, həm də fərdi istifadəçilərin planlaşdırdığı dəyişdirmə tarixlərindən daha uzunömürlüdür. Onun sözlərinə görə, dəyişən əsas amil şarj vərdişlərinin batareyanın köhnəlməsində getdikcə daha həlledici rol oynamasıdır. Bu isə şüurlu sürücülər üçün uzunmüddətli riskləri idarə etmək imkanı yaradır.
Sürətli şarj stansiyaları uzun magistral səfərlərində qısa müddətdə 10 faizdən 80 faizə çatmaq üçün ideal həll olsa da, gündəlik istifadə zamanı həm maliyyə baxımından, həm də batareya üçün mənfi təsir göstərə bilər. “Stable.Auto”nun məlumatlarına görə, evdə şarj xərcləri üçdə birədək daha ucuz başa gəlir. Ticarət mərkəzləri və ya ofis dayanacaqlarında yerləşən daha yavaş “Level 2” şarj qurğuları isə həm daha qənaətlidir, həm də batareyanın həddindən artıq isinməsinin qarşısını alaraq onun ömrünü qoruyur.
Qısası, uzun yollarda sürətli şarj xilasedici rol oynasa da, şəhərdaxili gündəlik ehtiyaclar üçün yavaş şarjı seçmək avtomobilinizin batareyasını illər boyu sağlam saxlamağın ən ağıllı yoludur.
Samir


