Avtomobil texnologiyası sürətlə dəyişir. Əvvəllər kapot üzərində yüksələn uzun metal antenalar və onlara əlavə olunan rəngli aksesuarlar, artıq daha zərif və aerodinamik dizayna yerini verib.
HİT.az xəbər verir ki, fiziki açarların belə artıq keçmiş olduğu bu dövrdə, avtomobillərin tavanında yerləşən və "köpəkbalığı üzgəci" adlandırılan kiçik çıxıntı, yalnız estetik detal deyil, eyni zamanda avtomobilin texnoloji ürəyi kimi fəaliyyət göstərir.
Əvvəllər yalnız radio siqnallarını qəbul edən metal çubuqların dövrü bitib. Müasir avtomobillər demək olar ki, hərəkət edən məlumat mərkəzinə çevrilib. Köpəkbalığı üzgəci formasındakı bu modulun içində bəzən 14-ə qədər fərqli antena sistemi yerləşir. GPS siqnallarından mobil məlumat bağlantısına, Wi-Fi nöqtələrindən peyk sistemlərinə qədər avtomobilin xarici dünya ilə bütün əlaqəsi bu kiçik moduldan keçir. Tavanın ən yüksək nöqtəsində yerləşməsi isə siqnalların maneəsiz çatmasını təmin edir və siqnal keyfiyyətini maksimum səviyyəyə qaldırır.
Dizaynerlər bu formanı seçərkən yalnız estetik səbəblərlə hərəkət etməyiblər. Üzgəc formasının avtomobilin aerodinamikasına kömək etdiyi düşünülür, lakin mühəndislər arasında bu barədə hələ ki, fikir ayrılığı var. Bəzi mütəxəssislər bildirir ki, bu dizaynın yanacaq sərfiyyatı və sürətə əhəmiyyətli təsiri yoxdur, əsas məqsəd isə müasir avtomobillərin səliqəli xətlərinə uyğun estetik bütövlük yaratmaqdır.
Qeyd edilən maraqlı detal isə odur ki, ən müasir görünüşlü avtomobillər belə bəzən köhnə texnologiyaya sadiq qalır. Bunun səbəbi sadədir: köhnə tip antenlər AM və FM radio dalğalarını köpəkbalığı üzgəclərinə nisbətən daha yaxşı qəbul edir. Lakin texnologiya inkişaf etdikcə, bu uzun metal çubuqlar yaxın gələcəkdə tamamilə nostalji obyektinə çevriləcək kimi görünür.
Samir

