"Tesla" şirkəti tamamilə yeni, kompakt və daha ucuz elektrik krossoveri üzərində işləyir.
HİT.az xəbər verir ki, bu barədə "Reuters" dörd mənbəyə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, son həftələrdə "Tesla" yeni kompakt krossoverin yaradılması planının detallarını müzakirə etmək üçün təchizatçılarla əlaqə saxlayıb. Onlar qeyd ediblər ki, bu, mövcud "Tesla Model 3" və ya "Tesla Model Y" modellərinin modifikasiyası deyil, tam yeni model olacaq.
Məlumatlara əsasən, yeni elektrik krossoveri Çində istehsal ediləcək. Eyni zamanda mənbələrdən biri "Tesla"nın ABŞ və Avropada da istehsal gücünü genişləndirməyi planlaşdırdığını bildirib.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, yeni modelin uzunluğu 4,28 metr olacaq. Müqayisə üçün, "Tesla Model Y" 4,75 metr uzunluğa malikdir.
"Reuters" xatırladır ki, 2024-cü ildə "Tesla"nın baş direktoru İlon Mask şirkətin diqqətini pilotsuz taksilər və humanoid robotlara yönəltdiyini açıqlamışdı. Mənbələrdən birinin bildirdiyinə görə, yeni model həm tam avtonom rejimdə, həm də əl ilə idarəetmə ilə təklif oluna bilər.
Bundan əlavə, yeni krossoverin "Tesla Model 3"dən xeyli ucuz olacağı bildirilir. ABŞ-da həmin modelin qiyməti 34 000 dollardan başlayır. Şirkətin xərcləri azaltmaq üçün daha kiçik batareyadan istifadə edəcəyi, bunun isə yürüş məsafəsini azaldacağı qeyd olunur.
Mənbələr həmçinin bildiriblər ki, yeni model çox güman ki, yalnız bir elektrik mühərriki ilə təchiz ediləcək və daha yüngül olacaq. Avtomobilin çəkisinin təxminən 1,5 ton olacağı gözlənilir. İstehsalın 2026-cı ildən əvvəl başlaması isə az ehtimal olunur.
Samir


