1950–1960-cı illərdə avtomobil təhlükəsizliyi texnologiyalarının hələ inkişaf mərhələsində olduğu dövrdə istehsalçılar yeni və cəsarətli həllər üzərində çalışırdılar. Həmin dövrdə "Goodyear" şirkəti həm gecə görünürlüğünü artırmaq, həm də avtomobillərə fərqli görünüş vermək məqsədilə işıq saçan rəngli təkərlər hazırlamışdı.
HİT.az xəbər verir ki, şirkət müxtəlif rənglərə boyana bilən yarımşəffaf "Neothane" adlı xüsusi rezin material hazırlamışdı. Layihə ilk dəfə dövrünün futuristik avtomobil konseptlərindən sayılan "Golden Sahara II" modelində nümayiş etdirilmişdi.
Bu layihə üçün avtomobil dizayneri Cim Strit və məşhur "Batmobile" modellərinin müəllifi Corc Barris də əməkdaşlıq etmişdilər.
"Goodyear" həmin texnologiyanı avtomobillərin fərdiləşdirilməsi sahəsində inqilabi yenilik kimi təqdim edirdi. Reklam kampaniyalarında hətta avtomobil sahibinin geyiminə uyğun rəngdə təkər seçə biləcəyi vurğulanırdı.
Təkərlərin daxilinə yerləşdirilmiş işıq mənbələri onların müxtəlif rənglərdə parlamasını təmin edirdi. Məqsəd gecə vaxtı avtomobilin daha yaxşı görünməsi və vizual cəhətdən fərqlənməsi idi.
Lakin layihə praktik sınaqlar zamanı ciddi problemlərlə üzləşdi.
Əsas çatışmazlıq "Neothane" materialının aşağı ərimə temperaturuna malik olması idi. Güclü əyləcləmə zamanı təkərlərin qızması materialın deformasiyasına səbəb olurdu. O dövrdə avtomobillərdə ABS sistemi olmadığı və əsasən baraban tipli əyləclərdən istifadə edildiyi üçün bu problem təhlükəsizlik baxımından ciddi risk yaradırdı.
Bundan başqa, hər bir təkərin çəkisi təxminən 68 kiloqram idi. Onlar yaş yollarda çox zəif yol tutuşu nümayiş etdirirdi ki, bu da idarəetməni daha da çətinləşdirirdi.
Vizual effekt də gözlənilən nəticəni vermədi. Parlaq təkərlər palçıqlı və çirkli yollarda tez çirklənir, işıq effektini demək olar ki, tamamilə itirirdi.
Nəticədə "Goodyear" bu təkərləri heç vaxt kütləvi istehsala buraxmadı və layihə tamamilə dayandırıldı.
Bu gün də qara rəngdən fərqli təkərlər avtomobil sənayesində geniş yayılmayıb. Hazırda yalnız drift şouları üçün rəngli tüstü yaradan xüsusi təkərlər istehsal olunur. Lakin onlar gündəlik istifadə üçün nəzərdə tutulmur və yüksək qiymətə malikdir.
Samir


