Avtomobil dünyasının iki məşhur markası olan "Porsche" və "Ferrari"nin loqolarında təsvir edilən şahə qalxmış qara at fiquru uzun illərdir diqqət çəkir. Bu oxşarlığa baxmayaraq, mütəxəssislər bunun bir-birindən köçürülmüş dizayn deyil, tarixi təsadüflərin nəticəsi olduğunu bildirirlər.
HİT.az xəbər verir ki, avtomobil sənayesində loqolar brendlərin ən mühüm simvollarından hesab olunur. Məsələn, "Mazda"nın qanadı xatırladan "M" hərfi inkişaf və azadlığı, "Toyota"nın iç-içə keçən oval fiqurları isə etibar və möhkəm əlaqələri simvolizə edir. "Porsche" və "Ferrari" loqolarındakı şahə qalxmış qara at fiquru isə hər iki markanın ən tanınan elementlərindən biridir.
Oxşar görünüşlərinə baxmayaraq, bu loqolar arasında birbaşa əlaqə yoxdur. Hər iki şirkət həmin simvolu fərqli tarixi mənbələrdən götürüb və onların yaranma hekayələri bir-birindən asılı olmayaraq formalaşıb.
"Ferrari"nin loqosundakı at fiqurunun tarixi Birinci Dünya müharibəsi dövrünə gedib çıxır. İtaliyalı hərbi pilot Françesko Barakka 1918-ci ildə həlak olmamışdan əvvəl təyyarəsinin üzərində şahə qalxmış qara at təsviri istifadə edirdi. Döyüşlər zamanı 34 düşmən təyyarəsini vuraraq milli qəhrəmana çevrilən Barakkanın ailəsi 1923-cü ildə Enzo Ferrari ilə görüş zamanı bu simvolun ona uğur gətirəcəyinə inanaraq avtomobillərində istifadə etməsini tövsiyə edib. Həmin vaxtdan etibarən loqo demək olar ki, dəyişmədən "Ferrari"nin sürət və güc rəmzinə çevrilib.
"Porsche" isə loqosundakı at fiqurunu Almaniyanın Ştutqart şəhərinin gerbindən götürüb. Şəhərin gerbindəki at qədim atçılıq təsərrüfatlarına istinad edir. "Porsche"nin baş qərargahı da məhz Ştutqartda yerləşdiyi üçün şirkət şəhərə ehtiram əlaməti olaraq bu simvolu öz loqosunda istifadə edib. At fiquru eyni zamanda avtomobillərin çevikliyini və zərifliyini ifadə edir.
Bununla yanaşı, illərdir dolaşan bir iddia da mövcuddur. Bəzi mənbələrə görə, Françesko Barakkanın təyyarəsindəki at təsviri əslində onun vurduğu alman pilotlarından birinə məxsus nişandan götürülüb. Həmin pilotun Ştutqartdan olduğu iddia edilir. Əgər bu fərziyyə doğru olarsa, "Ferrari" və "Porsche" fərqinə varmadan eyni at simvolundan ilham almış ola bilərlər. Lakin bu iddianı təsdiqləyən qəti tarixi sübut mövcud deyil.
Samir


