Yanacaq sərfiyyatını artıran ŞOK SƏBƏBLƏR

AVTO
14:45 / 09.07.2026
216

Bəzi avtomobil sahiblərinin ən böyük ortaq dərdi yanacaq sərfiyyatının çox olmasıdır.

Arada bizə elə gəlir ki, maşın yanacağı sanki “içir”. Lakin reallıqda fərqində olmadan etdiyimiz bəzi kiçik xətalar və ya diqqətdən qaçırdığımız texniki detallar bu sərfiyyatı pik nöqtəyə çatdırır. 

Bəs həmin xətalar nələrdir?

Hit.az yanacaq sərfiyyatının artma səbəblərini araşdırıb. Müasir avtomobillər hər nə qədər qənaətcil texnologiyalarla təchiz olunsa da, fizika qanunları və sürücü vərdişləri hələ də əsas söz sahibidir. Əgər maşınınızın rəsmi kitabçasında yazılan rəqəmlərlə sizin real xərciniz arasında dağlar qədər fərq varsa, səbəb aşağıdakılardan biri və ya bir neçəsi ola bilər: 

Aqressiv sürüş tərzı
Yanacaq sərfiyyatına təsir edən ən böyük faktor məhz sürücünün özüdür. İşıqforda yaşıl yanan kimi qəfil qaza basmaq və növbəti tıxacda kəskin əyləclə dayanmaq mühərrikdən maksimum güc tələb edir.

Nəzərə alın ki, hər kəskin qaz toxunuşu mühərrikə əlavə yanacaq püskürtmək deməkdir. Sakit və axıcı sürüş isə mühərrik dövriyyəsini optimal saxlamaqla yanacağa 20 faizə qədər qənaət edir. 

Təkərlərin havasının az olması
Çox sadə görünür, amma təkərlərin havasının az olması yanacağı birbaşa artırır. Təkərin təzyiqi aşağı olanda onun yerlə təmas sahəsi böyüyür və fırlanma müqaviməti artır. Daha dəqiq desək, mühərrik maşını hərəkət etdirmək üçün daha çox güc sərf etməli olur. Ona görə də həftədə bir dəfə təkərlərin havasını yoxlamaq təhlükəsizlik və qənaət üçün vacibdir.

Çirklənmiş hava və yanacaq filtrləri 
Mühərrikin problemsiz işləməsi üçün onun “nəfəs alması” lazımdır. Hava filtri toz və ya palçıqla dolduqda mühərrikə kifayət qədər oksigen daxil ola bilmir. Təbii ki, bu zaman elektron beyin balansı qorumaq üçün hava-yanacaq qarışığında yanacağın payını artırır. Beləliklə, maşın həm gücdən düşür, həm də çən boşalır. 

Kondisionerin həddindən artıq istifadəsi 
Xüsusilə yay aylarında kondisioner mühərrikə əlavə yük olur. Çünki kondisioner kompressoru işləyərkən mühərrikdən güc oğurlayır və bu da sərfiyyatı təxminən 10-15 faiz artırır. Tıxacda qaldığınız zaman pəncərələri açmaq daha məntiqli ola bilər.

Amma diqqətli olun, yüksək sürətdə pəncərələri açmaq avtomobilin aerodinamikasını pozur və külək müqaviməti yaradaraq kondisionerdən daha çox yanacaq aparır. Yəni yüksək sürətdə kondisioner, aşağı sürətdə pəncərə şərtdir. 

Avtomobildəki artıq çəki
Maşının baqajında aylarla gəzdirdiyiniz o lazımsız alətlər, ağır qutular sadəcə yük deyil, həm də yanacaq itkisidir. Hər əlavə 50 kq çəki sərfiyyatı təxminən 1-2 faiz artırır. Həmçinin, maşının damına quraşdırılan xüsusi yük baqajları istifadə edilmədiyi zaman sökülməlidir. Çünki onlar hərəkət zamanı hava axınına qarşı böyük müqavimət göstərir və maşını arxaya doğru çəkir. 

Mühərrik yağının vaxtında dəyişdirilməməsi 
Köhnəlmiş mühərrik yağı daxili sürtünməni artırır. Pistonlar və digər detallar hərəkət edərkən daha çox müqavimətlə qarşılaşırlar. Keyfiyyətli və avtomobil istehsalçısının tövsiyə etdiyi vizkozitedə yağ istifadə etmək mühərrikin rahat işləməsini təmin edir. 

Uyğun olmayan ötürücü 
Mexaniki sürət qutusu olan maşınlarda aşağı ötürücüdə yüksək sürətlə sürmək mühərriki bağırtdırır və yanacağı birbaşa havaya sovurur. Avtomat sürət qutularında isə vaxtında dəyişdirilməyən yağ və ya proqram təminatı xətaları keçidlərin gecikməsinə və sərfiyyatın artmasına səbəb olur. 

Yekun olaraq, yanacaq sərfiyyatını azaltmaq üçün bahalı möcüzələr axtarmağa ehtiyac yoxdur. Avtomobilə vaxtında texniki qulluq göstərmək, baqajı boşaltmaq və ən əsası pedalla “mülayim” davranmaq həm maşınınızın ömrünü uzadacaq, həm də cibinizi böyük xərclərdən qoruyacaq. Unutmayın, yavaş və nizamlı getmək həmişə daha sərfəlidir.

Pərviz

0