Almaniyanın "Volkswagen" avtomobil konserni yaxın illərdə ölkədəki dörd istehsal müəssisəsini bağlamaq imkanını nəzərdən keçirir.
HİT.az cəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı şirkətin Müşahidə Şurasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, plan çərçivəsində 2031-ci ildə Tsvikkau və Emden şəhərlərindəki zavodların, 2032-ci ildə Hannoverdəki müəssisənin, 2034-cü ildə isə "Audi" markasına məxsus Nekkarzulmdakı istehsal sahəsinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Bildirilir ki, bu dörd müəssisədə ümumilikdə təxminən 40 min nəfər çalışır. Bundan əlavə, konsern 2030-cu ilədək daha 50 minə yaxın iş yerinin ixtisarını planlaşdırır.
Məlumata əsasən, "Volkswagen" bununla xərclərin azaldılması proqramını daha da sərtləşdirir. Hazırda Almaniyada istehsal olunan bəzi modellərin istehsalının Şərqi Avropa ölkələrində, xüsusilə Macarıstan və Slovakiyadakı müəssisələrə köçürülməsi planlaşdırılır.
Boşalacaq istehsal sahələrinin isə başqa məqsədlər üçün istifadə olunacağı, o cümlədən onların müdafiə sənayesi müəssisələrinə satılmasının mümkün olduğu bildirilir.
Bundan əvvəl "Manager Magazin" jurnalı da "Volkswagen"in dünya üzrə 100 minədək iş yerini ixtisar etməyi planlaşdırdığı barədə məlumat yaymışdı. Nəşr qeyd edir ki, bu planlar Almaniyanın avtomobil sənayesində dərin böhranın davam etdiyini göstərir. Son dövrlərdə digər avtomobil istehsalçıları və ehtiyat hissələri tədarükçüləri də genişmiqyaslı ixtisarlar elan ediblər.
Samir


