Parklanma sahəsində yenilik

AVTO
11:24 / 17.07.2026
172

Azərbaycanda yeni tikilən yaşayış və qeyri-yaşayış obyektlərində avtomobil dayanacaqları ilə bağlı yeni tələblər müəyyənləşdirilib. 

Qərara əsasən, layihələndirilən binalar və komplekslər üçün minimum parklanma yerlərinin sayı normativ qaydada tənzimlənəcək, bəzi yaşayış məntəqələrində isə bu göstəricinin müəyyən həddə qədər azaldılmasına icazə veriləcək. Maraqlıdır, bu yenilik paytaxtda illərdir davam edən parklanma çatışmazlığının aradan qaldırılmasına real təsir göstərə biləcəkmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Hit.az-a açıqlamasında deyib ki, bu yeniliyin tətbiqi şəhərlərdə avtomobillərin saxlanılması ilə bağlı mövcud yükün müəyyən qədər azalmasına şərait yarada bilər: 

404834

“Qərarın icrası nəqliyyatın idarə olunmasının daha səmərəli təşkilinə, küçə və prospektlərdə hərəkətin rahatlaşmasına, eləcə də urbanizasiya ilə bağlı yaranan bir sıra çətinliklərin aradan qaldırılmasına xidmət edəcək. Paytaxtda uzun illərdir müşahidə olunan əsas problemlərdən biri sürücülərin nəqliyyat vasitələrini yol hərəkətinə maneə yaradan məkanlarda saxlamasıdır. Bu vəziyyət xüsusilə sıx saatlarda nəqliyyat axınının ləngiməsinə və tıxacların dərinləşməsinə səbəb olur”.

Ekspert hesab edir ki, yeni qərardan sonra tikinti layihələrində dayanacaq infrastrukturunun yaradılması artıq ayrılmaz şərtlərdən birinə çevriləcək:
“Bunun nəticəsində yaşayış binaları, ticarət və xidmət obyektləri istifadəyə verilərkən parklanma ehtiyacını da öz imkanları hesabına təmin etməli olacaqlar”.
 
Günel Cəlilova

0