Avtomobil almaq üçün hansı kredit daha sərfəlidir?

AVTO
11:48 / 17.07.2026
231

Avtomobil almaq istəyənləri ən çox düşündürən suallardan biri də onun hansı kredit növü ilə alınmasıdır.

Bu zaman qarşıda əsasən iki yol dayanır: Ya bankdan kredit götürmək, ya da lizinqlə almaq. Bizə elə gəlir ki, hər ikisi eyni şeydir, maşını götürürsən və hər ay pul ödəyirsən. Amma bu iki maliyyə mexanizmi arasında eynilə kirayə evdə yaşamaqla ipoteka ilə ev almaq arasındakı qədər fərq var.

Bankdan avtokredit
Banklar çox şübhəçidirlər. Onlar sizə pul verməzdən əvvəl rəsmi iş yerinizi, aylıq maaş kartınızın çıxarışını və keçmişdə kiməsə zamin durub-durmadığınızı araşdırırlar. Əgər hər şey qaydasındadırsa, bank sizə “yaşıl işıq” yandırır. Bank kreditinin ən böyük gözəlliyi mülkiyyət hissidir. Yəni sənədləri imzalayan kimi maşının texpasportu birbaşa sizin adınıza rəsmiləşdirilir. 

Düzdür, üzərinə “girovdur” möhürü vurulur, amma rəsmən o maşın sizindir. Ən əsası, banklar rəsmi gəliri olan şəxslərə faiz məsələsində lizinqdən qat-qat daha insaflı yanaşırlar. Əgər sənədləriniz tam qaydasındadırsa, bank krediti daha sərfəli olur.

Lizinq
İndi isə gələk digər tərəfə. Deyək ki, rəsmi iş yeriniz yoxdur, gəlirinizi kartla almırsınız və ya keçmişdə telefon krediti ödəyərkən etdiyiniz bir neçə günlük gecikmə sizin kredit tarixçənizi “korlayıb”. Banklar sizə qapını göstərəndə, lizinq şirkətləri sizi qollarını açaraq qarşılayır. Onlar, sadəcə 30-40 faiz ilkin ödəniş tələb edirlər. Bu, möhtəşəm bir asanlıq kimi görünür. Amma lizinq şirkətləri bu riski sığortalamaq üçün çox hiyləgər bir qayda tətbiq edirlər. 

Maşın sizin adınıza olmur. Bəli, lizinq müddətində maşının sahibi rəsmən həmin lizinq şirkətidir. Siz sadəcə etibarnamə ilə sürən bir “icarəçi”siniz. Sonuncu manatı ödəyənə qədər o maşın sizin deyil. Üstəlik, lizinq şirkətləri sənədləşmə asanlığının əvəzini illik faiz dərəcələrini daha yüksək tutmaqla çıxırlar.

Lizinqin daha bir pərdəarxası tərəfi sığorta oyunlarıdır. Bankdan kredit alanda kasko sığorta şirkətini və şərtlərini bir az sərbəst seçə bilirsinizsə, lizinqdə bu seçim demək olar ki, olmur. Onlar sizi öz tərəfdaşı olan ən baha sığortaya məcbur edirlər. Həmçinin, cərimələnəndə texpasport lizinq şirkətinin adına olduğu üçün bəzən o cərimələri ödəmək və etibarnaməni yeniləmək üçün əlavə xidmət haqları ödəməli olursunuz. 

Avtomobil bazarında hər kəsə öz oyun qaydalarını diktə edir. Bu mübarizədə konkret “ən yaxşı yol” yoxdur, sadəcə sizin vəziyyətinizə uyğun gələn variant var. Əgər dövlət işində və ya rəsmi şirkətdə çalışırsınızsa, təmiz tarixçəniz varsa, lizinqin “asanlığına” aldanıb cibinizi baltalamayın. Bankın o bir az uzun çəkən sənədləşmə proseduruna dözün, çünki günün sonunda minlərlə manatınız cibinizdə qalacaq. Yox, əgər sərbəst işləyirsinizsə və banklar sizə “yox” deyirsə, lizinq sizin üçün bir cəza deyil, təkərlər üzərinə çıxmağın yeganə sivil və real yoludur. Sadəcə imza atmazdan əvvəl o müqavilənin xırda hərflərlə yazılmış bəndlərini diqqətlə oxuyun.

İstehlak krediti
Lakin avtomobil kreditindən əlavə bir yol daha var. Avtokredit götürəndə bank sizin aldığınız maşını girov qoyur və siz o borcu bitirənə qədər maşını sata və ya rəsmən kiməsə ötürə bilmirsiniz. Bankdan maşın üçün yox, birbaşa nağd istehlak krediti götürdükdə isə qaydalar tamamilə dəyişir. Bank sizə pulu nağd verir, siz gedib maşını rəsmi şəkildə nağd pulla alırsınız. Texpasportda “girovdur” yazısı qeydi olmur. Maşın ilk gündən 100% sizin tam mülkiyyətiniz sayılır. 

Avtokredit və ya lizinqdə bank sizə hər il çox baha başa gələn kasko sığortanı məcburi şəkildə etdirir. İstehlak krediti ilə maşın alanda isə bu qərar tamamilə sizin ixtiyarınızda olur. Bu da hər il cibinizdə yüzlərlə manatın qalması deməkdir. Üstəlik, təcili pul lazım olanda və ya maşını bəyənməsəniz, bankdan icazə almadan, heç bir maneə olmadan onu növbəti gün sata bilərsiniz. Çünki maşının üzərində heç bir bank qadağası olmur.

Əlbəttə, nağd istehlak kreditlərinin faiz dərəcəsi adi avtokreditlərdən bir az yüksək ola bilər, amma gətirdiyi azadlıq, sığorta xərclərinin olmaması və girovsuz mülkiyyət hüququ bu fərqi tamamilə kompensasiya edir. Nağd pulla bazara girmək isə sizə maşını alarkən satıcı ilə daha rahat və güclü şəkildə bazarlıq etmək imkanı qazandırır.

Pərviz

0