Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi yenidən gündəmə gəlib.
Texniki baxışın sürücülər üçün əlavə maliyyə və vaxt yükü yaratdığı, müasir nəqliyyat sistemində bu prosedurun başqa mexanizmlərlə əvəzlənə biləcəyi bildirilir. Digər tərəfdən isə xüsusilə yaşı çox olan avtomobillərin yollarda təhlükəsiz hərəkət etməsi baxımından onların texniki vəziyyətinə mütəmadi nəzarətin vacibliyi vurğulanır.
Bəs texniki baxışın ləğvi həqiqətən təhlükəsizliyə təsir etmədən mümkündürmü? Azərbaycanda bu sistem niyə müzakirə olunur və onun yerinə hansı mexanizm tətbiq edilə bilər?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, texniki baxışla bağlı məsələ bir neçə ildir gündəmdə olan mövzulardan biridir:

“Xüsusilə yaz-yay aylarında, eləcə də payız-qış mövsümündə bu məsələ daha çox aktuallaşır. Bu da ondan irəli gəlir ki, kütləvi şəkildə avtomobillərin texniki baxış müddəti başa çatır və yenilənmə prosesi həmin aylara təsadüf edir. Burada əsas məsələ nədir? Texniki baxış ümumiyyətlə avtomobillərin sazlığının, texniki vəziyyətinin yoxlanılmasına xidmət edən bir mexanizmdir.
Onun müsbət tərəfi ondan ibarətdir ki, texniki baxışdan keçmiş nəqliyyat vasitələri istismara yararlı hesab olunur, keçməyən avtomobillər isə istismara yararsız hesab edilərək müəyyən hallarda utilizasiyaya yönləndirilə bilər”.
Onun sözlərinə görə, bizdə bu proses artıq müəyyən mənada dəstəklənir:
“Utilizasiya prosesinə avtomobillər qəbul olunur və həmin avtomobillərdən müəyyən formada faydalanılır. Bu, məsələnin əsas tərəflərindən biridir. Digər tərəfdən, utilizasiya proqramına daxil olan avtomobillərin adətən yeni avtomobillərlə əvəzlənməsi məsələsi də gündəmə gəlir.
Xarici ölkələrdə, xüsusən avtomobil sənayesi inkişaf etmiş, avtomobil istehsal edən ölkələrdə bu proses bir qədər fərqli həyata keçirilir. Orada köhnə avtomobillərin yeniləri ilə əvəzlənməsi həm avtomobil sənayesinin inkişafına, həm də bazarda rəqabətin formalaşmasına təsir göstərir”.
Ekspert bildirib ki, texniki baxışın digər müsbət tərəfi isə onun bəzi ölkələrdə servis mərkəzlərində həyata keçirilməsidir:
“Məsələn, ABŞ-də ştatlara əsaslanan idarəetmə sistemi olduğuna görə, bu məsələdə fərqli yanaşmalar mövcuddur. Avstraliya və Malayziya kimi ölkələrdə də müxtəlif mexanizmlər tətbiq olunur. Lakin ümumi yanaşma ondan ibarətdir ki, texniki baxış müəyyən standartlara uyğun həyata keçirilməlidir. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı, yolda hərəkət üçün təhlükə yaratmamalıdır. Elə mexanizmlər də mövcuddur ki, texniki cəhətdən yararsız avtomobillərin istismarına icazə verilmir”.
Günel Cəlilova


