Çinin elektromobil və texnologiya nəhəngi “Xpeng” özünün ən müasir flaqman modeli olan “G9L” lüks SUV-sini Paris Avtomobil Sərgisindəki təqdimatdan dərhal sonra Avropa bazarında rəsmən ön sifarişə açıb.
Hit.az xəbər verir ki, Almaniyada baza qiyməti 74 600 avrodan başlayan bu texnoloji krossoverin ilk müştəri təhvil-təslimlərinin 2026-cı ilin dekabr ayında həyata keçirilməsi planlaşdırılır.
Tamamilə elektrik enerjisi ilə çalışan “Xpeng G9L” 800 voltluq yüksəkgərginlikli elektrik arxitekturası və 110 кVt/saatlıq batareya bloku ilə təchiz edilib. Üstəlik, avtomobil 540 кVt-lıq ultra-sürətli şarj texnologiyası sayəsində münasib şəraitdə batareya enerjisini 10 faizdən 80 faizə cəmi 12 dəqiqədən az bir müddətdə çatdırır.
Həmçinin, sözügedən model bazara iki modifikasiyada çıxarılır. Birincisi, “Long Range Ultra”dır. O da 367 at gücü hasil edir və tək şarjla 591 kilometr yürüş məsafəsi təqdim edir. İkincisi isə “Performance Ultra”dır. Bu isə 585 at gücünə malikdir və 553 kilometrlik gediş məsafəsi vəd edir.
Bundan başqa, oturacaq düzülüşünə görə 6 və 7 nəfərlik versiyalarda təklif olunan lüks krossover sərnişinlərin bədən quruluşuna uyğun olaraq avtomatik tənzimlənən süni intellekt dəstəkli ağıllı oturacaqları ilə seçilir. Salonda arxa cərgədə oturan sərnişinlər üçün tavandan açılan 21,4 düymlük 3K rəqəmsal displey və 23 dinamikli premiuim səs sistemi quraşdırılıb.
“Xpeng”in Avropa bazarı üçün hazırladığı bu yeni flaqman modeli Avstriyanın Qrats şəhərində yerləşən məşhur “Magna Steyr” zavodunda xüsusi olaraq istehsal ediləcək. Şirkətin xüsusi “Turing AI” çipləri ilə təchiz olunmuş nəqliyyat vasitəsinin 2027-ci ildən etibarən uzaqdan ötürüləcək proqram yenilənmələri vasitəsilə “Level 2++” avtonom idarəetmə qabiliyyətinə yiyələnəcəyi bildirilir.
Pərviz




