Avtomobilin şüşələrinin buğlanmasının qarşısını almağın sadə üsulları

AVTO
10:22 / 19.10.2026
66

Havaların soyuması ilə sürücülərin tez-tez qarşılaşdığı problemlərdən biri də avtomobilin şüşələrinin buğlanmasıdır. Bu hal yolda görünüşü məhdudlaşdıraraq sürücülük zamanı təhlükə yarada bilər. Mütəxəssislər problemin aradan qaldırılması üçün həm avtomobilin mövcud sistemlərindən, həm də bəzi sadə məişət vasitələrindən istifadə etməyi tövsiyə edirlər.

HİT.az xəbər verir ki, bu barədə İspaniyanın “El Motor” nəşri məlumat yayıb.

Şüşələrin buğlanmasının əsas səbəbi salondakı isti və rütubətli havanın soyuq şüşə səthi ilə təmasda olmasıdır. Nəticədə şüşənin üzərində xırda su damcıları yaranır. Salonda yaş paltarların olması və avtomobildə bir neçə nəfərin əyləşməsi də rütubəti artıraraq prosesi sürətləndirir.

Problemi aradan qaldırmağın ən effektiv yollarından biri ön şüşəyə hava üfürmə rejimini işə salmaqdır. Kondisionerin qoşulması da salondakı rütubətin azalmasına kömək edir. Arxa şüşənin qızdırılması sistemi olan avtomobillərdə isə bu funksiyadan istifadə etmək mümkündür. Belə imkanlar olmadıqda, pəncərələri qısa müddətə açaraq salonun havasını dəyişmək olar.

Təraş köpüyü və kartof da kömək edə bilər

Şüşələrin buğlanmasının qarşısını almaq üçün məişətdə istifadə olunan bəzi vasitələrdən də yararlanmaq mümkündür. Bunlardan biri təraş köpüyüdür. Az miqdarda köpük yumşaq parça ilə şüşənin daxili səthinə çəkilir, daha sonra iz qalmayana qədər silinir. Bu üsul nəmin şüşə üzərində toplanmasını azaltmağa kömək edə bilər.

Daha qeyri-adi üsullardan biri isə kartofdan istifadədir. Kartof iki yerə bölünərək şüşənin daxili səthinə sürtülür, daha sonra qalıqlar nəm salfetlə təmizlənir. Kartofun tərkibindəki nişastanın şüşə üzərində yaratdığı nazik təbəqə buğlanmanı azaltmağa kömək edir. Nəşrin məlumatına görə, bu üsul əvvəllər ralli yarışlarında da tətbiq olunub.

Şampun və qab yuyucu vasitələr

Şüşələrin buğlanmasının qarşısını almaq üçün şampun, bərk sabun və qab yuyucu vasitələrdən də istifadə edilir. Bu vasitələr səthə nazik qat şəklində çəkildikdən sonra mikrofiber parça ilə diqqətlə təmizlənməlidir. Əks halda, şüşədə izlər və ləkələr qala bilər ki, bu da görünüşü pisləşdirər.

Bununla yanaşı, mütəxəssislər avtomobil hərəkətdə olarkən şüşələri parça ilə silməyi məsləhət görmürlər. Bu, sürücünün diqqətini yoldan yayındırmaqla yanaşı, nəmi şüşə boyunca yayaraq əlavə ləkələr yarada bilər. Soğan, avokado və ağız yaxalayıcı məhlul kimi vasitələrin isə təsiri daha zəif ola, həmçinin şüşədə iz və xoşagəlməz qoxu buraxa bilər.

Əsas tövsiyə şüşələrin təmiz saxlanılması, salondakı rütubətin azaldılması və avtomobilin buğlanmaya qarşı nəzərdə tutulmuş sistemlərindən düzgün istifadə edilməsidir.

Samir

0