Alkoqolsuz pivənin tərkibində az miqdarda etanol qalır və bu, bəzi hallarda alko-test cihazının göstəricilərinə təsir edə bilər. Mütəxəssislər sükan arxasına keçməzdən əvvəl bu məqamı nəzərə almağı tövsiyə edirlər.
HİT.az xəbər verir ki, bu barədə psixiatr-narkoloq, “Alkomed” klinikasının stasionar şöbəsinin müdiri Andrey Tyurin “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, pivənin hazırlanması zamanı fermentasiya prosesi baş verir və sonradan alkoqolun çıxarılması mərhələsinə baxmayaraq, içkinin tərkibində 0,5 faizə qədər etanol qala bilər. Belə ki, yarım litrlik alkoqolsuz pivədə təxminən 2,25 millilitr təmiz spirt ola bilər.
Tyurin qeyd edib ki, sağlam insan üçün bir şüşə alkoqolsuz pivə, adətən, sərxoşluğa səbəb olmur və avtomobil idarə etmək qabiliyyətini pozmur. Bununla belə, alko-test cihazları içkidəki az miqdarda alkoqolu da aşkar edə bilər.
Mütəxəssis belə içkilərin ardıcıl və çox miqdarda qəbul edilməsinin də nəzərə alınmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, alkoqolsuz pivənin tərkibindəki etanolun miqdarı az olsa da, bu xüsusiyyət sürücülər üçün əhəmiyyət daşıyır.
Həkimlərin xəbərdarlığına əsasən, sükan arxasına keçməzdən əvvəl içkinin üzərindəki etanol göstəricisini yoxlamaq və riskə yol verməmək daha məqsədəuyğundur.
Samir


