Avtomobil alarkən alıcılar bəzən maşının texniki vəziyyəti ilə bağlı xoşagəlməz sürprizlərlə qarşılaşırlar.
Belə ki, satıcı avtomobildə hər hansısa problem olmadığını əminliklə deməsinə rəğmən, daha sonra bir çox qüsur ortaya çıxır. Üstəlik, onların bəzilərinin çox ciddi problem olsa da, amma alqı-satqı zamanı bu barədə məlumat verilir.
Bəs satıcının avtomobildəki qüsurları gizlədərək alıcıya məlumat vermədən satış etməsi hansı hüquqi məsuliyyət yaradır?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, avtomobilin qüsurlarını gizlədərək satmaq alıcıların etimadını sarsıda və bəzi hallarda dələduzluq kimi qiymətləndirilir:

“Bəzi hallarda insan amili və vicdan məsələsi də diqqətdən kənarda qalmamalıdır. İlk növbədə burada insan amili, vicdan və etimaddan sui-istifadə məsələsi var. Əgər bir şəxs qarşı tərəfi aldadaraq öz mənfəətini güdür və qanunsuz hərəkətlərə yol verirsə, bu, dələduzluq kimi xarakterizə oluna bilər. Belə davranışın mənəvi məsuliyyəti də var”.
Ekspertin sözlərinə görə, avtomobil bazarında bu cür halların baş verməsi alıcıların satıcılara olan inamını azalda bilər:
“Nəqliyyat vasitələrinin satışı zamanı avtomobilin vəziyyəti ilə bağlı məlumatların gizlədilməsi bazarda inamsızlıq yaradır. İnsanlar avtomobil alarkən tərəddüd edir, satıcılara etibar etməkdə çətinlik çəkirlər. Bu isə müştəri itkilərinə və alıcı məmnuniyyətinin azalmasına səbəb ola bilər. Nəticədə, belə hallar həm alıcılar üçün narahatlıq yaradır, həm də avtomobil bazarında etimad mühitinə mənfi təsir göstərir”.
Sevinc


