“Merceses” bənzəri olmayan yeni modelini TƏQDİM ETDİ

AVTO
17:00 / 19.10.2026
100

Almaniyanın lüks və idman avtomobilləri istehsalçısı “Mercedes-AMG” öz mühəndisləri tərəfindən xüsusi “AMG.EA” rəqəmsal platforması üzərində sıfırdan hazırlanan və 2027-ci ildə yollara çıxarılacaq tam elektrikli super-SUV modelini təqdim edib.

Hit.az xəbər verir ki, dördqapılı “GT” modelinin idman üslublu kəskin xətlərini qoruyub saxlayan avtomobil yüksək dinamikası, əzələli gövdə yapısı və görünməmiş güc göstəriciləri ilə diqqət cəlb edir.

Yeni nəsil super-SUV seriyası alıcılara üç fərqli güc variantında təqdim olunacaq. Bunlar “GT 53”, “GT 55” və “GT 63” modelləridir. Model sırasının flaqmanı olan “GT 63” versiyası hasil etdiyi 1 169 at gücü (860 кVt) və 2 000 Nm fırlanma anı (tork) sayəsində 0-dan 100 km/saat sürəti cəmi 2,7 saniyəyə yığır.

Üstəlik, yüksək komplektasiyalarda yer alan 128 кVt/saatlıq böyük batareya bloku 800 voltluq elektrik arxitekturası və 710 кVt-lıq ultra-sürətli DC şarj texnologiyası ilə dəstəklənir. Avtomobil cəmi 10 dəqiqəlik şarj prosesi ilə təxminən 450 kilometrlik əlavə gediş məsafəsi qazanır.

Həmçinin, konfiqurasiyadan və sürüş rejimindən asılı olaraq model tək şarjla 700 kilometrədək ümumi yürüş məsafəsi (WLTP) təqdim edir. Super-SUV-un fütüristik interyerində 10,2 düymlük rəqəmsal göstəricilər paneli, 14 düymlük mərkəzi multimediya displeyi və ön sərnişin üçün opsional olaraq təklif edilən əlavə ekran yer alır. Bundan başqa, nəqliyyat vasitəsi “AMG ACTIVE RIDE CONTROL+” adlı xüsusi aktiv pnevmatik asqı sistemi və daxili yanma mühərriklərinin səsini simulyasiya edən yenilənmiş audiosistemlə təchiz edilib. 

Lakin sözegedən modellərin qiyməti hələlik məlum deyil. Ancaq şirkət rəhbərliyi lüks modelin rəsmi satış qiymətlərinin bazara çıxış tarixinə yaxın vaxtda elan olunacağını açıqlayıb.

Pərviz

0