2026-cı ilin yanvar-sentyabr aylarında ABŞ-da yeni avtomobillərin satış həcmi 11 milyon 905 min 288 ədəd təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azdır. Ölkənin avtomobil bazarında ən çox satılan model isə yenə “Ford F-Series” pikapı olub.
HİT.az xəbər verir ki, bu barədə “Focus2Move” yazıb.
Reytinqdə ilk yeri qoruyan “Ford F-Series”in satışları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz azalıb. İlk onluqda ən ciddi geriləmə isə “Toyota RAV4” modelində qeydə alınıb. Bu avtomobilin satışları 30,3 faiz, “Chevrolet Equinox”un satışları 18,2 faiz, “Tesla Model Y”nin satışları isə 16,1 faiz azalıb.
Bunun əksinə, “Ram Pick-Up” satışlarını 26 faiz artıraraq dördüncü pilləyə yüksəlib. İlk onluqda “Honda CR-V” və “Toyota Camry” də müsbət nəticə göstərib. Onların satışları müvafiq olaraq 9,4 və 11,5 faiz artıb.
ABŞ-da ən çox satılan avtomobillərin reytinqi:
1. “Ford F-Series” — 6,7% azalma
2. “Chevrolet Silverado” — 1,9% azalma
3. “Honda CR-V” — 9,4% artım
4. “Ram Pick-Up” — 26% artım
5. “Toyota Camry” — 11,5% artım
6. “GMC Sierra” — 0,6% artım
7. “Toyota RAV4” — 30,3% azalma
8. “Tesla Model Y” — 16,1% azalma
9. “Toyota Tacoma” — 3,9% artım
10. “Chevrolet Equinox” — 18,2% azalma
İlk onluqdan kənarda da satış artımı ilə diqqət çəkən modellər var. “Honda Accord”un satışları 32,5 faiz, “Nissan Rogue”un satışları 23,8 faiz, “Ford Explorer”in satışları 19,4 faiz, “Subaru Forester”in satışları isə 19,1 faiz artıb.
Ekspertlər ABŞ avtomobil bazarında modellər üzrə satış dinamikasının fərqləndiyini bildirirlər. Reytinqdə lider olmaq yüksək satış həcmini göstərsə də, bu, modelin satışlarının artmağa davam edəcəyinə zəmanət vermir.
Samir

