Putin təcrid rejimində  - Ölkə rəhbərliyindən kimlər xəstədir?

DÜNYA
14:31 / 16.05.2020
2049
Koronavirus epidemiyası dünyada təkcə adi adamları deyil, təhlükəsizliyi ən üst səviyyədə olan dövlət adamlarını da xəstəxanalıq etdi. Rusiyanın isə bu məsələdə bəxti heç gətirmədi. Virus əvvəl Rusiya hökumətinin binasına- Ağ Evə, sonra isə Kremlə “soxula bildi”. Bu isə sadə vətəndaşda haqlı olaraq Rusiya məmurların həyat tərzini gündəmə gətirdi.
 
Hələ baş nazir Mixail Mişustin virusa yoluxmazdan əvvəl koronovirus mədəniyyət naziri Olqa Lyubimovanı, mənzil və kommunal xidmətlər naziri Vladimir Yakuşevi, Təhsil və Elm Nazirliyinin rəhbəri Valeriya Falkovanı kabinetlərində “tutmuşdu”. Baş nazir qızdırmalı halda, Rusiya prezidenti Vladimir Putinə testinin pozitiv çıxdığını elan edərək vəzifəsinin icrasını müavini Belausova verilməsini xahiş etdi. Bundan sonra şayiələr baş alıb getdi. Mişustinin bir daha baş nazir postuna qayıtmayacağından tutmuş xəstələnməsinin karantin qaydalarına əməl etməyən vətəndaşları “qorxutmağa” qədər söz-söhbət yayıldı. Son olaraq Rusiya mediası Mişustinin videokonfransda yanında olan fincana diqqət çəkdi. Məlum oldu ki, bu fincan ancaq xəstəxanada istifadə oluna bilər. Xəstəxana palatasından olsa da, onlar hökumətdəki işlərinə rəhbərlik etməyə davam edirlər. Mədəniyyət nazirinin xəstəliyi yüngül formada keçir və hazırda evdə karantindədir. Yakuşev də xəstəxanadan ayrılmaq üzrədir.
Sonra sıra Rusiya məmurları arasında ən fəal olan prezidentin mətbuat katibi Dmitri Peskova çatdı. Qəfil elan olundu ki, Peskov və həyat yoldaşı koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Prezidentin mətbuat katibi Peskovun vəziyyəti daha ciddidir - ona ikitərəfli sətəlcəm diaqnozu qoyulub. Dmitri Peskovun özü deyib ki, testi müsbət çıxdıqdan sonra ailəsi ilə birlikdə evdə təcrid olunub. Lakin tədricən vəziyyəti pisləşib. “İlk gün ümumiyyətlə, heç bir simptom yox idi, sonra isə temperatur 37-dən yuxarı olmağa başladı. İki-üç gün evdə yatdıq. Qızdırma gündüz 37.4, axşam isə 37.8 olurdu. Prosesin pisləşməyə doğru getdiyini görəndən sonra xəstəxanaya getdik”. İndi Kreml sözçüsünün həyata yoldaşı Tatyana Navkanın vəziyyəti yaxşıdır. Peskovun vəziyyəti hələ də ciddiyyətini qoruyur.

Prezident Administrasiyası və hökumət epidemiyada necə işləyir?

Mərkəzi icra orqanlarında çalışanların əksəriyyəti karantin rejimini ilk günlərindən mümkün qədər evdən işləmək rejiminə keçiblər.

Obrazlı desək, Kremlin qapısı indi kilidlənib, əsas iş “Köhnə meydan” adlandırılan binalarda davam edir. Ancaq eyni zamanda, təhlükəsizlik tədbirləri maksimum səviyyədədir. İşçilər bir-birinin otağına getmirlər. Hətta buraya gələn və buradan göndərilən sənədlər xüsusi məhlulla təmizlənir.

Bundan əlavə, Prezident Administrasiyasında hamı virusla bağlı mütəmadi olaraq yoxlanır, hətta elələri var ki, hər gün üç dəfə yoxlamadan keçirilir. “Köhnə meydan”dakı kompleksə gələn hər kəsin temperaturunu ölçürlər. Eyni texnologiya hökumət evində də qurulub. Qəbul otağına giriş üçün istisnasız olaraq maska taxmaq məcburidir. Elə otaqlar var ki, oraya ümumiyyətlə, maska ilə daxil olmağa icazə verilmir, yalnız məhdud sayda adamın otağa girmək izni var.
 
Deputatlar da xəstələnir, amma iclasları davam etdirir

Koronavirusun yayılması zamanı bir çox dövlətlərin parlamentləri işlərini dayandırdılar, lakin Rusiya Dövlət Dumasının deputatları maska və əlcəklərlə iclasları davam etdirir. Bu formada işləmək o qədər də rahat deyil. Belə ki, səhiyyə naziri Mixail Muraşkonun Dumada çıxışı zamanı parlament spikeri Vyaçeslav Volodin onu kürsüdən tibbi maska olmadan danışmağa dəvət edib.

“Maska və əlcəkdə özümü olduqca rahat hiss edirəm” deyə, Muraşko spikerə cavab verib.
Yeri gəlmişkən, Dumada Oksana Puşkina da daxil olmaqla beş deputat artıq koronavirusadan müalicə olunur.

Mişustin və Peskov harada yoluxa bilər?
 
Bu suala dəqiq cavab vermək mümkün deyil. Yüksək vəzifəli məmurların “fil sümüyü”ndən sarayda yaşadıqları və xəstəliyin onlara çata bilməyəcəyi barədə iddialar hazırda xəstəxanada olan Peskov cavab verib. O deyib ki, elə düşünənlər yanılırlar. “Bəzi məmurların mağazaya ərzaq almağa getməsi imkansızdır. Amma şəxsən mən özüm gedirəm” deyə, mətbuat katibi deyib.

Bir iddiaya görə, Mişustin nazirlər kimi, aparat işçilərindən, köməkçiləri və ya sürücülərindən kimdənsə yoluxa bilərdi. İndi bu suala konkret cavab tapmaq onlar üçün də çətindir.

Prezident pandemiyadan necə qoruna bilər?
 
Əslində dövlət başçısına ən yaxın olan iki şəxs - baş nazir və sözçüsü xəstələnəndən sonra hamı bu sualı düşündürür: bu cür şəraitdə prezident özünü virusdan necə qoruya bilər? Burda da yalnız bir çıxış yolu var: canlı təmasları minimuma endirmək.

Vladimir Putin bir aydır ki, Novo-Oqaryovodakı iqamətgahında işləyir. Demək olar ki, bütün görüşlərini telekonfranslar vasitəsilə keçirir və azsaylı köməkçi heyət istisna olmaqla xarici aləmlə əlaqəni minimuma endirib.

Dmitri Peskov da deyib ki, xəstələnməzdən bir ay əvvəldən prezidentlə məsafədən əlaqə saxlayıb. Canlı təmasın olmaması isə işin keyfiyyətinə təsir etmir. Hər kəs videokonfrans rejimini tamamilə mənimsəyib.

Peskov deyib ki, videokonfranslar yalnız açıq rejimdə deyil, həm də qapalı rejimdə baş verir. Müasir texnologiyalar, məsələn, Təhlükəsizlik Şurasının iclaslarının məxfiliyə imkan verir...
0