Bu insanlar stressə daha dözümlü olur

DÜNYA
23:13 / 03.08.2020
1243

Gün ərzində tez-tez gülməyə meyilli olan insanlar stress durumlarının öhdəsindən daha yaxşı gəlirlər, burada gülüşün intensivliyi isə önəm kəsb etmir.

HİT.Az xəbər verir ki, bu qənaətə İsveçrənin Bazel Universitetinin mütəxəssisləri gəliblər.

Məlumata görə, insanlar gündəlik adətən ortalama 18 dəfə gülürlər. Bu, əsasən, insanlarla danışanda baş verir və ünsiyyətdən alınan həzz dərəcəsindən də asılıdır.

Gülüş və gülümsəmənin tezliyinə sutkanın vaxtı, yaş və cins təsir edir. Belə ki, qadınlar kişilərdən ortalama daha çox gülümsəyirlər.

Bildirilib ki, Bazel Universitetinin araşdırmasında orta yaşı 22 olan 41 nəfər (33 qadın, 8 kişi) iştirak edib. Onlardan 14 gün ərzində gündəlik gülüşün tezliyi və intensivliyi, onun səbəbləri, həmçinin bütün stress vəziyyətləri və fiziki əhval (məsələn, yorğunluq, başağrısı) barədə sualları cavablandırmaq tələb olunub.

Suallar mobil tətbiq vasitəsilə fərqli intervalla gündə 8 dəfə göndərilib. Sualları alan iştirakçılar mütləq qaydada onlara ətraflı cavab verməli olublar.

Məlum olub ki, iştirakçıların tez-tez güldüyü dövrlərdə stress vəziyyətlər onlar tərəfindən elə də əhəmiyyətə alınmayıb. Alimlərin ikinci gəldiyi nəticə isə iştirakçıların qiymətləndirdiyi stress simptomlarının gülüşün intensivliyi (yüksək, orta və ya zəif) ilə statistik olaraq əlaqəsi yoxdur.

0