XXI əsrin yeni müharibəsi: “Peyvənd davası” - VİDEO

DÜNYA
14:58 / 13.08.2020
1941

Aylardır xəstəxanalarda davam edən koronavirus mübarizəsi, əslində, dövlətlər arasında da gizli bir müharibəyə çevrilib. Çində yayılmağa başlayan bu infeksiya ilə vaxtsız qarşılaşan, hər mənada hazırlıqsız olan ölkələr çarəni tez bir zamanda COVID-19 əleyhinə vaksin, dərman və ya peyvənd tapmaqda axtarıb və əsrin qəhrəmanı olmağa çalışıb.

Bu müddət ərzində bir çox Avropa ölkəsi, hətta Afrikadan belə peyvəndin sınaqları ilə bağlı xəbərlər eşidilib.

ABŞ və Rusiya arasında olan gizli və aşkar çəkişmələr elə bu mövzuda da özünü büruzə verib.

Baku TV xəbər verir ki, mart ayından bəri peyvənd üzərində, necə deyərlər, baş sındıran, ötən ayın ortalarında peyvənd istehsalına başlayacağını açıqlayan ABŞ hökuməti bunun 4-6 həftə çəkəcəyini bildirmişdi. 

Prezident Donald Tramp isə koronavirus peyvəndini digər ölkələrlə bölüşməyə hazır olduqlarını bütün dünyaya car çəkmişdi. ABŞ hökuməti bu peyvəndin hazırlanmasına təxminən yarım milyard dollar (850 milyon AZN) ayırıb. Sınaqlarda 30 mindən çox könüllü iştirak edib.

Bu müddət ərzində Rusiya da boş dayanmadı. May ayından bəri hazırladığı preparatları gah tibb işçiləri, gah da hərbi qulluqçular üzərində sınaqdan keçirib effektini yoxlayan şimal qonşumuz iki gün əvvəl peyvəndin hazır olduğunu və qeydiyyatdan keçdiyini bildirib.

Rusiya 500 milyon doza peyvəndin istehsalını təmin etməyə hazır olduğunu desə də, ABŞ-dan 600 milyon rəqəmi eşidilib. Birləşmiş Ştatların baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi koronavirusa qarşı Rusiyada hazırlanmış peyvəndin təhlükəsizliyi ilə bağlı şübhələrinin olduğunu deyib. Eynilə Almaniyanın Səhiyyə naziri Yens Spahn kimi.

Hər iki ölkədə peyvənd könüllü şəkildə olsa da, Rusiya bunu ödənişsiz həyata keçirəcəyini bildirib.

ABŞ Rusiyanın peyvəndinə şübhə duyulduğu bir vaxtda çox ağıllı bir açıqlama verib. Koronavirus infeksiyasına qarşı peyvəndlərin istifadəsinə yalnız onların təhlükəsiz olduğu sübut ediləcəyi təqdirdə icazə verəcəyini bildirən hökumət bir növ insanların etibarını qazanmaq üçün yaxşı bir addım atıb.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib və onları tamamilə əsassız adlandırıb.

İstənilən halda, ÜST Rusiya peyvəndini nəzarətə götürdüyünü və araşdırma aparacağını bildirib.

İndi aylardır bu pandemiyadan əziyyət çəkən insanları sadəcə doğru-düzgün bir çıxış yolunun tapılması maraqlandırır, istehsalçının hansı ölkə olması yox.

 

0
oxu.az