Prezidentin qərarı Amerikanın Müdafiə Nazirliyinin podratçılarına bir müddət “nəfəs dərməyə” imkan yaradacaq
ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona qurumun podratçılarının Huawei şirkətinin məhsullarından və Çin istehsalı olan digər telekommunikasiya qurğularından istifadəsinə qoyulan ümumdövlət qadağasının müvəqqəti olaraq ləğv edildiyi barədə sənəd göndərib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Defense News yazıb.
Müvəqqəti icazə avqustun 13-dən sentyabrın 30-dək qüvvədədir. Bu müddət ərzində COVID-19 pandemiyasının ziyanlarından özünə gələ bilməyən podratçılar Çin malını əvəz edəcək avadanlığın tədarükü məsələsini həll etməlidirlər.
Bu icazə həmçinin Huawei və digər Çin şirkətlərinin məhsullarını əvəzləmək üçün daha çox zaman tələb edən şirkətlərə də aid edilir. Nəşr qeyd edir ki, bu qərar Amerikanın Müdafiə Nazirliyinin podratçılarına bir müddət “nəfəs dərməyə” imkan yaradacaq.
Avqustda China Info 100 konfransında Huawei-in top meneceri Riçard Yu bildirib ki, korporasiyanın smartfon istehsalı üçün gərək olan prosessorları artıq tükənib. Tayvanın TSMC şirkətinin çiplərinin istehsalı sentyabrın 15-də dayandırılacaq. Huawei-in podratçısı Çin şirkətindən sifarişləri hələ mayın 15-də dayandırıb.