O, 1983-1989-cu illərdə Panama milli qvardiyasının ali baş komandanı olub və bu vəzifədə olarkən özünü Panama milli azadlsq hərəkatının ali lideri elan edib. Bununla da Manuel Noryeqa faktiki olaraq 6 il ərzində ölkədə mütləq hakim sayılıb. Amma bu 6 illik hakimiyyət ona baha başa gəlib, hakimiyyətdən devrilən Noryeqa 66 il həbs cəzasına məhkum edilib
6 illik hakimiyyət və 66 il həbs... Maraqlıdır, hansı yollar Manuel Noryeqanı hakimiyyətdən həbsxanaya aparıb?
Manuel Noryeqa 1934-cü ildə Panamanın paytaxtında, eyni adlı şəhərdə anadan olub. Ailə şəhərin Terplen rayonunda, yoxsulların yaşadığı “gecəqondu” məhəlləsində yaşayıb. Uşaqlıqdan ehtiyac içində böyüyən Noryeqa hər dəfə yaxınlıqda yerləşən ölkə başçısının iqamətgahı qarşısından keçəndə, bu möhtəşəm sarayda işləmək və yaşamaq onun ən böyük xəyallarına çevrilib. Ancaq o, həmin vaxtlar heç ağlına da gətirməyib ki, nə vaxtsa xəyalları gerçəkləşəcək, onun üçün əlçatmaz görünən bu iqamətgahın sahibi olacaq.
Orta təhsilini başa vurduqdan sonra Noryeqa hərbi məktəbə daxil olub, 1962-ci ildən Panama milli qvardiyasının ikinci dairəsində leytenant kimi xidmətə başlayıb. 1968-ci ildə artıq mayor rütbəsində olan Noryeqa Panamadakı hərbi çevriliş zamanı milli qvardiyanın ali baş komandanı general Ömər Torrixosun ən yaxın silahdaşlarından biri olub və atışma zamanı generalı ölümdən xilas edib.
1968-1981-ci illərdə faktiki olaraq Panamada hakimiyyəti əldə saxlayan Torrixos Noryeqanın xidmətlərini yüksək qiymətləndirərək, onu baş qərargahda kəşfiyyat və əks-kəşfiyyat idarəsinə rəis təyin edib. Qeyd edək ki, həmin illərdə ölkənin prezidenti olsa da, dövlətin de-fakto ali lideri hərbi hökumətin rəhbəri sayılıb.
Noryeqa yeni vəsifəsinə təyinat aldıqdan sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq ona milyonlar qazandırıb. Artıq kifayət qədər nüfuz və maddi imkanlara sahib olan Noryeqa hakimiyyəti ələ keçirmək haqqında planlar cızıb. Bu planlarda isə ABŞ-ın dəstəyi böyük rol oynayıb.
1981-ci ildə general Torrixosun müəmmalı şəkildə təyyarə qəzasında ölməsi Noryeqanın planlarının həyata keçməsinə böyük imkanlar açıb. Aviaqəzanın Noryeqa tərəfindən törədilməsi versiyası isə sonralar öz təsdiqini tapıb.
Generalın ölümündən sonra Noryeqa Panama silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə təyinat alıb. Hakimiyyətin bir addımlığında olan Noryeqa Amerika ilə sövdələşmələr apardıqdan sonra, 1983-cü ildə milli qvardiyanın ali baş komandanı kürsüsünə sahib olub və hakimiyyəti tam nəzarətinə götürüb.
Noryeqanın 6 illik hakimiyyəti illəri diktatura rejimi, Kuba və ABŞ-la ikibaşlı siyasət aparmağı və ən başlıcası isə dünyanın ən böyük narkotik satışı ilə məşğul olan şəbəkələrlə sıx əməkdaşlığı ilə yadda qalıb.
Özünü “ədalətli hakim” elan edən, yerli əhali tərəfindən isə üzündəki çopurlara görə “Ananas adam” adlandırılan Noryeqa qısa müddət ərzində milyonlara sahib olub. Mütəmadi olaraq “Kokain gecələri” keçirən Noryeqa narkobaronların ən yaxın dostuna çevrilib. Amma qadınlarla, alkoqolla, narkotiklərlə davam edən əyləncəli günlər uzun sürməyib.
Amerika birinci dəfə 1985-ci ildə Kuba ilə əməkdaşlığa görə Noryeqaya ciddi xəbərdarlıq edib. ABŞ-ın ikinci xəbərdarlığı 1987-ci ildə Panamadakı sərt diktatura rejimi ilə bağlı olub və bu xəbərdarlıqdan sonra ölkəyə sanksiyalar tətbiq olunub, yardım proqramları dayandırılıb.
Noryeqa bu xəbərdarlıqlardan nəticə çıxarmayıb. Nəhayət, 1989-cu ilin dekabrında Panamada yaşayan 35 min amerikalının müdafiəsi məqsədilə ABŞ bu ölkədə hərbi əməliyyat keçirib. Geniş miqyaslı əməliyyatda 26 min amerikalı hərbçi iştirak edib. Əməliyyat zamanı Noryeqa Vatikan səfirliyində gizlənib, bir neçə gündən sonra isə təslim olmaq məcburiyyətində qalıb. Bu əməliyyat beynəlxalq ictimaiyyətdə böyük müzakirələrə səbəb olub, Amerikanı başqa dövlətin siyasətinə müdaxilə etməkdə də ittiham ediblər.
Noryeqa 1990-cı il yanvarın 3-də Florida həbsxanasına salınıb. Amerika məhkəməsi onu narkotik vasitələrin satışında, vəzifəsindən sui-istifadə edərək xarici dövlətlərdən, o cümlədən ABŞ-dan ayrılan külli miqdarda vəsaitləri mənimsəməkdə ittiham edərək 40 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Noryeqanın eyni zamanda Panamada və Fransada da məhkəmələri keçirilib. Panama məhkəməsi ona 20 il, Fransa məhkəməsi isə narkotik vasitələrdən əldə ounan qanunsuz pulların Paris banklarında yerləşdirməsinə görə 6 il həbs cəzası kəsib.
17 il Florida həbsxanasında cəza çəkən Noryeqa, 2007-ci ildə Fransaya ekstradisiya olunub. 4 il bu ölkədə cəza çəkdikdən sonra isə, 2011-ci ildə Panamaya göndərilib. Panama həbsxanasında insult keçirən Noryeqa müalicəyə göndərilib və müalicədən sonra xəstəliyi ilə bağlı əfv olunacağını düşünüb. Amma cəmisi 4 günlük müalicədən sonra onu yenidən həbsxanaya göndəriblər.
Qanunvericiliyə görə Panamada 74 yaşdan yuxarı olan məhbusların qalan cəzaları ev dustaqlığı ilə əvəz olunur. Bu güzəşti Noryeqaya tətbiq etməyiblər. Yalnız 2017-ci ildə beyin şişi ilə əlaqədar onun mülki xəstəxanada əməliyyat olunmasına icazə verilib.
29 mart 2017-ci ildə Noryeqa əməliyyata salınıb. Həkimlər əməliyyatın uğulu keçməsini söyləsələr də, Noryeqa gecə yarısı ehtiyatsız tərpənişdən yarasını zədələyib ki, bu da qanaxmaya səbəb olub.
Bununla da 83 yaşlı Panama diktatoru Manuel Noreqanın hakimiyyətdən sonrakı əzablı ömrünə son qoyulub.