SS-in fahişəxanası: Qədim peşə sahiblərindən informasiya toplamaq üçün istifadə ediblər

DÜNYA
21:12 / 19.08.2020
1906

1930-cu illərdə nasist Almaniyasında SS zabitləri məxfi məlumatların əldə edilməsi, informasiya təminatı, 3-cü Reyx rejimi haqqında formalaşan fikirlərin öyrənilməsi üçün bütün mümkün variantlardan istifadə ediblər. Hətta bununla bağlı yüksəkçinli məmurlar qadınlardan da yararlanıblar.

1930-cu illərin əvvəllərindən Berlində fəaliyyət göstərən “Salon Kitti” fahişəxanasında sərxoş alman zabitləri tez-tez dava salsa da, salonda mütəmadi olaraq insidentlər baş versə də, artıq 1934-cü ildə bu obyekt Berlinin ən “nümunəvi” əyləncə yerlərindən birinə çevrilib.

Beşmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən salonun sahibi Kitti Şmidt adı ilə tanınan Katarina Tsammit adlı qadın olub. Bu salon şəhərdəki digər fahişəxanalardan qadın seçimi bolluğu və istənilən xidmətin olması ilə fərqlənib. Heç bir siyasi mənsubiyyət olmayan Kitti Şmidt öz işini yüksək səviyyədə quraraq böyük pullar qazanıb. Elə salonda baş verən davaları da, insidentləri də heç kimin köməyi və müdaxiləsi olmadan özü yoluna qoymağı bacarıb. Amma “işgüzar” qadının bu sərbəstliyi çox da uzun çəkməyib.

1934-cü ildə SS generalı Rixard Qeydrix onu əməkdaşlığa çağırıb, daha dəqiqi, onu buna məcbur edib. General Kittiyə anladıb ki, salonda gizli audio və video qurğular quraşdırılacaq, salona gələn yüksəkçinli alman məmurlarının, xarici qonaqların danışıqları və hərəkətləri həmin qurğular vasitəsi ilə yazılacaq və çəkiləcək. Daha sonra general salon üçün xüsusi qadınların hazırlanmasını da ona başa salıb. Elə qadınlar ki, müştərilərindən söz almağı, onları danışdırmağı bacarsın.

Beləliklə, “Salon Kitti” bütövlükdə Rixard Qeydrixin nəzarəti altına düşüb.

“Salon Kitti”nin statusunu daha da qaldırmaq üçün salonda yüksək səviyyəli təmir işləri aparılıb, daha cənc və cazibədar xanımlar salona cəlb olunub, müştərilərin bütün yataq tələblərini yerinə yetirmək üçün onlardan xüsusi “peşəkarlıq” tələb edilib, təsadüfi adamların salona girişi məhdudlaşdırılıb və s.

SS-nin təşəbbüsü və seçimi ilə 20 qadın xüsusi hazırlanaraq “Salon Kitti”nin əsas fahişələrinə çevirilib.

“Salon Kitti”nin yerləşdiyi binanın zirzəmisində salonda yazılan səslərin və çəkilişlərin ötürülməsi üçün mütəxəssislər qrupu işləyib.

SS-in fahişəxana əməliyyatı uğurlu alınıb. Fəaliyyət göstərdiyi illər ərzində salonda 25 mindən artıq səs və video yazılıb. Məhz bu yazıların içərisində məmurların və diplomatların sərxoş vəziyyətdə olarkən “ürəklərini açması” SS-in fəaliyyətinə yarayıb.

“Salon Kitti” Berlində o qədər məşhurlaşıb ki, salonun sırf öz təyinatına görə xidmətlərindən 3-cü Reyxin ən tanınmış simaları da istifadə ediblər.

İki istiqamətdə işləyən salonun gəliri qısa müddətdə xeyli artıb. Kitti Şmidt əldə etdiyi pulları gizli yollarla xarici banlkara köçürüb. Gəlirin artmasına baxmayaraq, ona belə qorxu altında işləmək rahat olmayıb, nə vaxtsa bu cür ikibaşlı fəaliyyətinin ağır fəsadlarının olacağını düşünüb. Bunu düşünən Kitti 1939-cu ildə bütün var-dövlətini götürərək Almaniyadan qaçmağa cəhd edib. Lakin onun bu cəhdi baş tutmayıb, o, Hollandiya sərhədində gestapo tərəfindən saxlanılaraq geri qaytarılıb. Bu cəhddən sonra Kitti Şmidtlə Rixard Qeydrix arasında kiçik bir dialoq baş tutub. SS generalı salon sahibəsinə sonuncu xəbərdarlığını bildirib:

- Yəqin sən yaxşı anlayırsan ki, indi başqa yerdə də ola bilərdin. Unutma ki, biz bu gizli fəaliyyətimizlə fürerə xidmət edirik. Bu xidmətdən imtina etməyin nə ilə nəticələnə biləcəyini də, yəqin ki, yaxşı anlayırsan və bu fahişəxanadan kənara artıq bir informasiya çıxarsa, bu sənin ölümünlə nəticələnəcək.

Bu oyunlardan çıxmağın mümkünsüz olduğunu başa düşən Kitti Şmidt generala hər şeyin əvvəlki kimi olacağına söz verib:

- Cənab, mən sizi anladım. Salon öz tempi ilə fəaliyyətini davam etdirəcək.

Kitti Şmidt heç sonralar da salonun fəaliyyəti ilə bağlı heç bir yerdə açıqlama verməyib. Amma salonda müştərilərə xidmət göstərən, xüsusilə Berlində ezamiyyətdə olan xarici qonaqları məharətlə danışdırmağı bacaran Lizl Akerman salondakı xidmətlərlə bağlı geniş açıqlamalar verib:

“Mən “Salon Kitti”nin adi fahişələrindən biri idim. Cavan və gözəl olduğumdan müştəri problemim yox idi. Günlərin birində Berlin polisinin komissarı salona gəldi, seçimində mənim üzərimdə dayandı. Mən əvvəlcə onu adi müştərilərdən biri kimi qəbul etdim. Amma düşündüyüm kimi olmadı. O, məni otağa aparan kimi öz şərtini söylədi:

- Sənin iki yolun var, ya tank zavodunda tankın tırtıllarını daşıyacaqsan, ya da bu salonda mənim dediklərimi edəcəksən.
Mən onun hələ də nə demək istədiyini tam anlamadım, amma anlayacağım qədər cavab verdim:

- Mən sizə yataqda istədiyiniz xidməti göstərə bilərəm. Heç kimdən görmədiyiniz nəvazişi məndən ala bilərsiniz.

O, gülümsədi və sözünə davam etdi:

- Bu öz yerində, amma mən başqa şey anlatmaq istəyirəm sənə. Bu günlərdə İtaliyadan Berlinə böyük məmur qrupu gələcək. Sənin birinci vəzifən onlara lazımınca xidmət etməkdir. İkinci vəzifən isə onları içirtdikdən sonra siyasi söhbətlərə cəlb edib danışdırmaq olacaq.

Nəhayət, mən onun nə istədiyini anladım. Razılaşmaqdan başqa ayrı çıxış yolum yox idi. Sonra o, gedəndə pulumu ikiqat ödədi. Bir neçə gündən sonra mən italiyalı qonaqları qarşıladım, Mussolinin kürəkənini, xarici işlər nazirini əyləndirməyə çalışdım, amma elə bir siyasi diskussiya açmışdım ki, onlar mənim bədənimi unutmuşdular...”

“Salon Kitti” II dünya müharibəsi zamanı da fəaliyyətini davam etdirib. 1943-cü ildən sonra SS əlini salondan çəksə də, obyektdə baş verən hadisələrdən xəbərdar olan yerli əhali bu salonu “SS-in fahişəxanası” adlandırıblar. Sonralar isə şəhər sakinlərinin təkidi ilə salon fəaliyyətini birdəflik dayandırıb.

Qeyd edək ki, “Salon Kitti” haqqında iki film çəkilib və bir neçə kitab yazılıb.

Mənbə: Müsavat.com

0