Navalnıy süni tənəffüs aparatına qoşuldu (Yenilənib)

DÜNYA
11:20 / 20.08.2020
886

Rusiyada müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun rus KİV-nə istinadən verdiyi xəbərə görə, Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə gedən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Bu barədə Navalnıyın mətbuat katibi Kira Yarmış öz tvitter səhifəsində açıqlama verib.

O, Navalnıyın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirildiyini və hazırda reanimasiyada olduğunu bildirib.

K.Yarmış müxalifət liderinin başqa bir şəxs tərəfindən qəsdən zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A. Navalnıy səhər saatlarında ancaq bir stəkan çay içib.

***

Kira Yarmışın sözlərinə görə, reanimasiya şöbəsinə yerləşdirilən siyasətçi süni tənəffüs aparatına qoşulub. Həmçinin o, qeyd edib ki, hazırda Navalnıyın olduğu 1 nömrəli Omsk təcili yardım xəstəxanasına polis çağırılıb.

Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu bildirilib. Xəstəxananın baş həkimi Aleksandr Muraxovski onun ağır vəziyyəti barədə məlumatı təsdiqləsə də, təfərrüatları açıqlamayıb.

1