ABŞ xüsusi təyinatlılarının (“yaşıl beretlilər”) keçmiş kapitanı Piter Debbins Rusiya Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa və casusluğa görə həbs edilib. Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, ittihama əsasən Piter Debbins Rusiya hərbi kəşfiyyat idarəsinə 10 il ərzində məxfi məlumatları ötürüb. Məsələnin maraqlı tərəflərindən biri də budur ki, Debbins həm də Azərbaycanda Amerika xüsusi təyinatlılarının sıralarında xidmət edib.
ABŞ Ədliyyə Nazirliyinin press-relizində deyilir ki, kapitan Debbins 2000-ci illərdə Rusiyaya bir neçə səfəri zamanı QRU agentləri ilə təmas qurub, agentlər onu “İkar Lesnikov” ləqəbi ilə tanıyıblar. İttihamlar təsdiqlənərsə xüsusi təyinatlıların Virciniya ştatının Qeynsvill şəhərində yaşayan veteranını ömürlük həbs gözləyir.
“Debbins Amerika ordusunun andını pozub, ABŞ-ın Milli Təhlükəsizliyini təhdid altına alıb, xidmət etdiyi bölməyə dair detalları, xüsusi təyinatlılar komandasının üzvlərini identifikasiya edən məlumatları Rusiya kəşfiyyatına ötürüb, onları agent kimi ələ almağa çalışıb. O, xüsusi təyinatlıları satıb”,-Baş prokurorun köməkçisi Con Demers bəyan edib.
Debbins 1998-2005-ci illərdə ABŞ ordusunda həqiqi hərbi xidmətdə olub, kimya bölmələrində, o cümlədən Cənubi Koreyada xidmət edib. 2003-cü ildə kapitan rütbəsində Almaniyadakı ABŞ xüsusi təyinatlılarının sıralarına qoşulub. Bir il sonra o, hərbi sirlərə yüksək səviyyədə çıxış əldə edib və Azərbaycana göndərilib. Lakin təhlükəsizlik qaydalarını pozduğu üçün Azərbaycandakı Amerika xüsusi təyinatlıları qrupunun komandanlığından kənarlaşdırılıb. Debbins 2005-ci ildə ordudan azad olunub və 2010-cu ilə qədər ehtiyatda qalıb.
İttiham aktında göstərilir ki, 45 yaşlı Piter Rafael Dzibinski Debbins hələ 1996-cı ildə Rusiya Baş Kəşfiyyat İdarəsinə könüllü xidmətlərini təklif edib. Bildirib ki, özünü “Rusiyanın oğlu” hesab edir və ona xidmət etməyə hazırdır. “Debbins əmin idi ki, Birləşmiş Ştatlar dünyada həddən artıq dominantlıq edir və onun təsirləri məhdudlaşdırılmalıdır”,-ABŞ prokurorluğu bildirir.
Debbinsin anası keçmiş SSRİ-də doğulub, onun özü isə gələcək həyat yoldaşı-Rusiya ordusunun zabitinin qızı ilə Çelyabinskə səfər zamanı tanış olub. Toy 1997-ci ildə baş tutub. Debbins 1994-2010-cu illərdə dəfələrlə Rusiyaya səfər edib.
Xidmət zamanı Debbins əvvəlcə məxfi, daha sonra olduqca məxfi informasiyalara çıxış əldə edib. 1998-ci ildə Cənubi Koreyadakı Amerika “yaşıl beretlilərinin” kimya mühafizə bölməsində xidmətə göndərilib. Daha sonra Azərbaycan və Gürcüstandakı Amerika xüsusi təyinatlıları qrupunun tərkibində xidmət edib. Prokurorluq bildirir ki, Debbins məhz həmin bölmələr haqda informasiyaları QRU-ya ötürüb, o cümlədən zabitlərin adları, onların Azərbaycan və Gürcüstandakı fəaliyyəti barədə məlumatları çatdırıb.
Ordudan ayrıldıqdan sonra Debbins daha bir neçə il Rusiya hərbi kəşfiyyatı ilə təmasları saxlayıb. Debbinsin işi üzrə məhkəmənin ilk iclası avqustun 24-də baş tutacaq.