Apple, tərtibatçıları pulsuz tətbiqləri pullu etməyə məcbur edir

DÜNYA
21:29 / 22.08.2020
1623
Apple və onun App Store platforması ətrafındakı qalmaqallar səngimək bilmir. Məlumata əsasən Apple şirkəti App Store-da olan tətbiqlərdən 30% komissiya götürməklə yanaşı pulsuz tətbiqlərin tərtibatçılarını məcbur edir ki, onlar həmin tətbiqlərə pullu kontent əlavə etsinlər. Bu barədə Engadget saytı xəbər verib. Sayt yaradılması üçün nəzərdə tutulmuş məşhur WordPress servisinin təsisçisi Matt Mallenweg öz Twitter hesabında onların hansı səbəbə görə uzun müddət iOS üçün yenilənmə təqdim etmədiklərini başa salıb.
 
Onun sözlərinə əsasən Apple şirkəti WordPress-in iOS üçün nəzərdə tutulmuş yeni versiyalarını və düzəlişlərini bloklayıb. Belə ki, şirkət pulsuz tətbiqin daxilində alış-veriş sisteminin yaradılmasını tələb edirdi. “Diqqət! Məhz buna görə uzun müddət yenilənmələr olmurdu. Biz, App Store tərəfindən bloklanmışdıq. Yenilənmələri iOS istifadəçilərinə təqdim etmək imkanı üçün biz, tətbiq daxilində alış-veriş sisteminin yaradılmasına məcbur olduq” - deyə Matt Mallenweg bildirib. WordPress-in iOS üçün nəzərdə tutulmuş tətbiqinin daxilində heç bir pullu kontent yox idi.
 
O, pulsuz şəkildə sayt yaratmaq imkanını verirdi. Həmin tətbiq daxilində .com və ya .blog kimi unikal domenlərin alınması kimi bir özəllik də yox idi. Bunun yerinə tətbiq pulsuz WordPress domen adını və məlumatların saxlanması üçün 3 GB boş yer verirdi. Apple şirkəti bu məsələyə rəsmi açıqlama verib. Belə ki, şirkət təmsilçiləri bildiriblər ki, pullu xidmətlər və kontent təklif edən tətbiqlər Apple şirkətinin ödəniş sistemi tərəfindən emal olunan alış-veriş mexanizmini inteqrasiya etməlidirlər.
 
 WordPress bir çox platformalı servis olduğu üçün onun veb saytında və ya digər mobil platformalarda təqdim olunan imkanları həmçinin iOS-də də təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, WordPress-in saytında həqiqətən də pullu kontentlər mövcuddur. Nəticədə Matt Mallenweg, Apple şirkətinin şərtlərini məcbur qəbul edib. Belə ki, WordPress Apple ilə lisenziya müqaviləsi bağlayıb. O qeyd edib ki, 30 gün müddətində WordPress-in iOS versiyasına alış-veriş sistemi inteqrasiya olunacaq.
0
Technote.Az