ABŞ-da ikinci Corc Floyd hadisəsi: Polis 7 dəfə atəş açdı - VİDEO

DÜNYA
10:53 / 25.08.2020
1099

ABŞ-ın Viskonsin əyalətində daha bir qaradəli vətəndaş polisin şiddətinə məruz qalıb.

Kenoşa şəhərində baş verən hadisə zamanı polis Ceykob Bleyk adlı şəxsə 7 dəfə atəş açıb. 

Sözügedən anlar ətrafda olan insanlar tərəfindən qeydə alınıb. Görüntülərdə polis əməkdaşının Bleyki avtomobilinə minərkən arxadan tutduğu və silahla 7 dəfə atəş açdığı görülüb. 

Hadisə baş verən zaman Bleykin övladlarının da avtomobildə olduğu bildirilib. Mediada yer alan məlumata görə, xəstəxanada müalicə altına alınan Bleykin vəziyyəti ağırdır. 

Viskonsin meri Toni Ever “Twitter”də verdiyi açıqlamada Bleykin arxadan dəfələrlə vurulduğunu bildirərək “hələ dəqiq məlumata sahib olmasaq da, bir məsələdən əminik ki, o, əyalətimizdə polis tərəfindən öldürülən ilk insan deyil” - deyə qeyd edib. 

Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden də hadisə ilə bağlı təcili və şəffat araşdırma aparılması ilə bağlı çağırış edib. 

Baş verənlərdən sonra küçələrə çıxan insanlar polis şiddətinə qarşı etiraz aksiyaları keçirib. Bir qrup etirazçı Kenosha şəhərindəki məhkəmə binasına girib və bir neçə avtomobili yandırıblar. Nümayişlər səbəbi ilə Kenoşada gecə küçəyə çıxmaq qadağan edilib.

Hadisənin baş vermə səbəbi dəqiq məlum deyil. 

Qeyd edək ki, insanlar may ayında polis tərəfindən öldürülən Corc Floyd üçün etiraz aksiyası keçirmiş, nümayişlər 1 ay boyunca davam etmişdi.

 

0
Mediapost.az