Belarus müxalifətinin liderlərindən biri qaçırıldı

DÜNYA
13:17 / 07.09.2020
1124

Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova qaçırılıb.

APA-nın "tut.by" saytına istinadən verdiyi xəbərə görə, Maria Kolesnikova bu gün səhər Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılıb.

Hadisə şahidləri bildirib ki, Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Hazırda onun telefonu cavab vermir.

Həbsdə olan Belarus prezidentliyinə namizəd Viktor Babarikonun qərargahının nümayəndəsi Maria Kolesnikova seçki kampaniyası zamanı digər qeydiyyatdan keçməmiş namizəd Valeri Tsepkalonun həyat yoldaşı və prezidentliyə namizəd Svetlana Tixanovskaya ilə birlikdə mitinqlərdə çıxış edən "Qadın Üçlüyü"nün iştirakçısı kimi məşhurlaşıb. O, hazırda Belarusda olan "üçlüyün" son üzvüdür. Kolesnikova bir gün əvvəl Minskdə baş tutan kütləvi etiraz yürüşündə iştirak edib.

0