Suriya hökuməti prezident Bəşər Əsədin dayısı oğlu Rami Mahlufa, onun arvadına və uşaqlarına məxsus aktivlərə həbs qoyub.
“Reuters” xəbər verr ki, bu haqda ölkənin maliyyə naziri sənəd imzalayıb. Agentlik bu hadisəni “hakim ailədə parçalanma” kimi qiymətləndirir.
Bildirilir ki, Mahlufun və ailəsinin bütün aktivlərinə həbs qoyulması ona məxsus “Syriatel” mobil rabitə şirkətinin borcunun ödənilməsini təminat altına almaq məqsədi güdür. Söhbət 77 milyon dollara yaxın borcdan gedir.
Mahluf isə özünün Faceboook səhifəsində Bəşər Əsədə ünvanlanmış bir neçə videomüraciət yerləşdirərək ondan şirkəti xilas etməyi xahiş edir. Sonuncu müraciətində isə Mahluf “Syriatel” şirkətinin rəhbərliyindən getmək əmri aldığını bildirir.
Rami Mahluf ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır. Suriyalı ekspertlər hesab edirlər ki, bu qalmaqal ölkəni 50 ildir idarə edən ailə daxilində ilk ciddi parçalanmadır. 2019-cu ildə “Global Witness” beynəlxalq antikorrupsiya təşkilatı və “Financial Times” Əsəd ailəsinin Moskvadakı “Moskva-Siti” elit yaşayış kompleksində ən azı 19 apartament aldığını, həmin mənzillərin ikisinin sahibinin Rami Mahluf olduğunu bildirirdi.
Rami Mahluf Suriya hakim ailəsinin biznes imperiyasını idarə edənlərdən və 10 ilə yaxındır davam edən qanlı vətəndaş müharibəsində dağılan ölkənin ən zəngin adamlarından biridir. Bu yaxınlarda xarici KİV-lər yazmışdı ki, Rami Mahlufun 22 yaşlı oğlu Məhəmməd Mahluf İnstagram-da özünün dəbdəbəli avtomobillərini və yaxtalarını nümayiş etdirdikdən sonra Bəşər Əsəd onun atasını ev dustağı edib.
Həmin fotolarda Məhəmməd Mahluf Dubaydakı dəbdəbəli villalarını da nümayiş etdirirdi və açıqlamalarından birində deyirdi ki, Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlaka 300 milyon dollar yatırmağa hazırlaşır. Və həmin pullar ona “Suriyadakı biznesindən” daxil olub. Məhəmməd Mahluf da Suriyada bir çox biznes aktivlərinin sahibidir.
Xəbər verilirdi ki, Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinin tələbi ilə öz qohumunu ev dustağı edib. Çünki Əsəd Putindən 3 milyard dollar borc istəyib, Putin isə bildirib ki, əgər Suriyada pul yoxsa, o zaman həmin pulları hakim ailənin üzvlərindən götürmək olar.
Virtualaz.org