Nasist Almaniyasındakı ən qanlı adlardan biri olan Otto Adolf Eyxman 19 Mart 1906-cı ildə Zolinqen şəhərində anadan olub. Ailəsi Avstriyaya yerləşdikdən sonra gəncliyini bu ölkədə keçirən Eyxman, mühəndislik məktəbindəki uğursuzluqlarından sonra özünü elektrik və inşaat şirkətlərində sınayıb.
Burada da bir uğur əldə edə bilməyən Eyxman daha sonra neft şirkətində satıcı olaraq işləyib. Eyxman 3-cü Reyxin ən önəmli şəxslərindən biri, Nasist Almaniyasında professor, doktor və general olan Ernst Kaltenbrunnerin məsləhəti ilə Avstriya Nasist Partiyasına üzv olub. 1934-cü il aprel ayının 1-də partiyaya üzv olan Eyxman bir müddət sonra hərbi təlim keçməyə başlayıb. 14 ay hərbi təlim keçən Eyxman daha sonra dövrün məşhur siyasi xadimlərindən sayılan, çoxsaylı hərbi cinayətlərə imza atmış Henrix Himmlerin yaratdığı təhlükəsizlik xidmətində fəaliyyətə başlayıb.
1935-ci ildə Adolf Eyxman katolik adət-ənənlərinə sadiq kəndli ailəsindən olan Veronika Libl ilə ailə həyatı qurub. Bu nikahdan onun dörd oğlu olub.
Eyxman 1935-cü ildə yəhudilər ilə yaxından maraqlanmağa başlayıb.
Avstriyanın Almaniya ilə birləşməsindən sonra Vyanadakı yəhudilərin Almaniyadakı düşərgələrə gətirilməsi Eyxmana tapşırılıb. Təhlükəsizlik Xidmətinin ən üst rütbələrini və vəzifələrini əldə edən Eyxman 18 ay ərzində Avstriyada yaşayan 150 min yəhudinin köçürülməsinə şəxsən nəzarət edib. O, Gestapoda imtiyazlı hüquqlara malik olub.
Alman Ordusunun 1939-cu ildə Polşaya girməsi ilə Eyxman da Gestapoya transfer olub. Ardından “Yəhudi Problemi” olaraq adlanan Gestapo bölməsinin başçısı keçib.
Nasistlərin hazırladığı “Son Çözüm” adlı qanlı planda baş rol alan Eyxman, yəhudilərə qarşı kütləvi şəkildə qətliam törədib. O, törətdiyi qətllərə görə, “Nasist qəssabı”, “Yəhudi mütəxəssisi”, “Soyqırım ustası” və.s bu kimi ləqəblərlə də tanınıb.
Müharibə bitdikdən sonra 1946-cı ildə həbs olunan Eyxman düşərgədən qaçaraq Argentinaya getməyi bacarıb. İsrail kəşfiyyatına adını dəyişdirərək, burada gizlənməyi bacaran Eyxmanın yerini onun oğlunun sevgilisi deyib. Bu məlumatdan sonra hərəkətə keçən “Mossad” təşkilatı 1960-cı ilin may ayında əməliyyat planlayıb. Mayın 11-də keçirilən əməliyyat zamanı “Mossad” tərəfindən tutulan Eyxman bir müddət təşkilatın Argentinadakı təhlükəsiz evlərindən birində saxlanılıb. Dindirilmə zamanı 2 dəfə saxta ad verən Eyxman üçüncü dindirilmədə öz həqiqi adını etiraf edib.
Bundan sonra “Mossad”ın işi daha da çətinləşib. Onlar Eyxmanı Argentina kəşfiyyatının xəbəri olmadan ölkədən çıxarmalı idilər. Argentinaya özəl bir təyyarə ilə gələn İsrailin rəsmi nümayəndə heyəti geri dönərkən Eyxmanı aparıb. Onlar Eyxmana təyyarənin işçilərinin formasından geyindirib və ona dərman verərək yatızdırıblar. Argentina hava limanından çıxarkən isə təyyarə ekipajından bir nəfərin xəstə olduğunu deyiblər. Eyxmanın yaxalanıb İsrailə gətirilməsi parlamentdə səsləndirilən zaman bütün dünya şoka düşmüşdü. Çünki bu plan son dərəcə təhlükəli və çətin idi.
Eyxmanın fəaliyyəti alman dilini mükəmməl bilən 8 zabitdən ibarət xüsusi qurulmuş "006 saylı idarə" adlı polis bölməsi tərəfindən araşdırılıb. Məhkəmə prosesində Holokost (Red- Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır) zamanı sağ qalan çox sayda insan şahid kimi çıxış edib.
Eyxman Yəhudi xalqına qarşı 15 fərqli cinayətlərdə ittiham edilib. O, 1962-ci ildə mayın 31-də edam olunub.
Edam edilmədən öncə Eyxmanın son sözləri bu cür olub: “Almaniya çox yaşa, Argentina çox yaşa, Avstriya çox yaşa. Ən çox bağlı olduğum üç ölkə bunlardır. Həyat yoldaşımı, ailəmi və dostlarımı salamlayıram. Müharibə qaydalarına əməl etməyə məcbur idim. Mən ölümə hazıram. Allaha inanıb ölürəm".
Eymanın edamından sonra onun cəsədi xüsusi hazırlanmış bir sobada yandırılıb, külləri isə 1 İyun səhər saat 4:00-da İsrail Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi tərəfindən Aralıq dənizinə səpələnib.